
“Apple” şirkətinin istehsalı olan “iPhone 17 Pro” (256 GB) telefonunun ən bahalı satıldığı ölkə Türkiyə, ən ucuz satıldığı ölkə isə Yaponiyadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Deutsche Bank”ın 41 ölkəni əhatə edən araşdırmasında yer alıb.
Bildirilir ki, “iPhone 17 Pro” (256 GB) telefonunun istehsal olunduğu ABŞ-də cihazın satış qiyməti 1 181 dollar olduğu halda, Türkiyədə eyni model 2 592 dollara təklif olunur. Bu, ABŞ qiymətindən təxminən 2,2 dəfə bahadır. Braziliya 2 260 dollarla ikinci, Misir isə 1 872 dollarla üçüncü yerdə qərarlaşıb.
Reytinqin son pilləsində isə 1 121 dollarla Yaponiya yer alır. Beləliklə, Yaponiya siyahıda “iPhone 17 Pro”nun ABŞ-dən də ucuz satıldığı yeganə ölkədir.
Araşdırmada qeyd olunur ki, qiymətlər arasındakı böyük fərq “Apple”ın qlobal qiymət siyasətindən daha çox ölkələrin tətbiq etdiyi əlavə dəyər vergisi (ƏDV), idxal rüsumları, xüsusi istehlak vergiləri, qeydiyyat haqları və valyuta məzənnələrindən qaynaqlanır.
Xüsusilə Avropa ölkələrində qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri pərakəndə satış qiymətlərinə ƏDV-nin daxil edilməsidir. Məsələn, Macarıstanda standart ƏDV 27%, İsveçrədə isə 8%-dən bir qədər çoxdur.
Türkiyə isə siyahıda ən böyük istisna hesab edilir. Burada smartfonlara tətbiq olunan 20%-lik ƏDV ilə yanaşı, xüsusi istehlak vergisi və cihazın qeydiyyat ödənişləri də son qiyməti əhəmiyyətli dərəcədə artırır.
Yaponiyada isə nisbətən aşağı – 10%-lik istehlak vergisi, güclü rəqabət və “Apple”ın uzunmüddətli qiymət strategiyası cihazın daha münasib qiymətə satılmasına şərait yaradır.
Onu da bildirək ki, Azərbaycan “Deutsche Bank”ın araşdırmasında yer almasa da, hazırda ölkədə “iPhone 17 Pro” (256 GB) telefonunun orta pərakəndə satış qiyməti təxminən 3 290 manat (1 935 dollar) təşkil edir. Bu qiymətə əsasən Azərbaycan “Deutsche Bank”ın araşdırmasında yer alan ölkələrin sıralamasında Türkiyə və Braziliyadan sonra “iPhone 17 Pro”nun ən baha satıldığı ölkə hesab olunur.
Türkiyə – 2 592 dollar
Braziliya – 2 260 dollar
Azərbaycan – 1 935 dollar
Misir – 1 872 dollar
Macarıstan – 1 826 dollar
Norveç – 1 687 dollar
Meksika – 1 657 dollar
İsveç – 1 601 dollar
Polşa – 1 588 dollar
Çexiya – 1 585 dollar
Finlandiya – 1 578 dollar
Portuqaliya – 1 566 dollar
Yunanıstan – 1 566 dollar
İtaliya – 1 554 dollar
İrlandiya – 1 554 dollar
Danimarka – 1 553 dollar
Fransa – 1 543 dollar
Niderland – 1 543 dollar
Belçika – 1 543 dollar
İspaniya – 1 531 dollar
Avstriya – 1 508 dollar
Almaniya – 1 508 dollar
Lüksemburq – 1 492 dollar
Böyük Britaniya – 1 476 dollar
Hindistan – 1 427 dollar
Avstraliya – 1 413 dollar
Səudiyyə Ərəbistanı – 1 386 dollar
İsveçrə – 1 385 dollar
Yeni Zelandiya – 1 370 dollar
Sinqapur – 1 364 dollar
Malayziya – 1 352 dollar
Tailand – 1 350 dollar
Çin – 1 332 dollar
Vyetnam – 1 330 dollar
Filippin – 1 326 dollar
Kanada – 1 291 dollar
BƏƏ – 1 279 dollar
Tayvan – 1 264 dollar
Honq Konq – 1 200 dollar
ABŞ – 1 181 dollar
Cənubi Koreya – 1 181 dollar
Yaponiya – 1 121 dollar
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz