Boyunuzun daha uzun olmasını istəyirsinizsə...


Statistikaya görə, qızlarımızın boyu orta hesabla 155-165 sm arasında, oğlanlarımızın boyu isə 165-175 sm arasındadır. Yeni doğulan uşaqlarımızın boyu təxminən 50 sm olur, 1 yaşında isə o, 75 sm-ə çatır, 4 yaşında isə uşağın boyu 1 metrə çatır.
Bəzi körpələr boy hormanlarının çatışmazlığı ilə doğulurlar və bu da onların genetik potensialına əngəl törədir. Yəni, problem boy hormanları ilə bağlıdırsa, vaxtında müalicəyə başlamaq lazımdır. Boy məsələsi həm də irsi, yəni genetik məsələdir. Əgər ananın 155 sm, atanın 165 sm boyu varsa, çətin ki, onların uşağı ucaboylu olsun. Təbii ki, bu məsələdə istisnalar da yox deyil.
Adətən qızlar 15-16 yaşlarında boy artımına nöqtə qoyurlar. Oğlanlarda isə boyatma 18 yaşa qədərdir. Amma həm qızlar, həm də oğlanlar arasında 22-24 yaşınadək boy atanlar da olur.
Ata və ananın boyu uşağın boyuna təsir edən yalnız bir faktordur. Uşağın boyunun artması üçün normal qidalanması, vitaminlərlə və minerallarla düzgün təmin edilməsi, idmanla (xüsusilə də üzgüçülük, voleybol və basketbolla) məşğul olması çox vacibdir. Xəstəlikləri (mədə-bağırsaq, ürək qüsuru, böyrək xəstəlikləri və s.) vaxtında müalicə edilməzsə, uşağın boyu təbii ki, qısa qalacaq. Digər tərəfdən, boy hormonları ilə də oynamaq olmaz, səhv müalicə və süni hormon qəbulu xəstə boy uzanmasına səbəb ola bilər.
Bəzi qidalar da boyun uzanması üçün çox vacibdir. Məsələn, bu məsələdə kalsiumun böyük rolu var. Bu mineral sümüyü inkişaf etdirir. Odur ki, kalsiumu, həmçinin proteini bol olan məhsullarla yaxşı qidalanmaq lazımdır. Bunlar balıq (xüsusilə sardina), süd və süd məhsulları (pendir, süzmə, qatıq və s.), kök, kələm, lobya, noxud və bütün yaşıl tərəvəzlərdir.
Bəzi bitkilərin və ərzaq məhsullarının boyun inkişafına mənfi təsir göstərdiyi bildirilir. Məsələn, badam, qoz, fıstıq, meyvə qurusu, D vitamini, duz, çay və şəkər bu kateqoriyaya aiddir.
Bundan əlavə, tibb elmi bildirir ki, əmzikli ananın depressiyası da uşağın boyuna mənfi təsir göstərir. Ananın depressiyaya düşməsi nəticəsində körpənin yuxu və qidalanma rejimi pozulur. Bu isə öz növbəsində süd əmən uşaqda stress hormonlarının səviyyəsini artırır, boy hormonlarının konsentrasiyasını aşağı salır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top