FIFA geri addım atdı: Dünya Kubokundakı paylarının satışından imtina edir


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) təşkilatın prezidenti Canni İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini investorlara satmaq layihəsindən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərar futbol rəsmilərinin layihəyə qarşı açıq müqavimət göstərməsi və FİFA nümayəndələri arasında fikir ayrılığının yaranması ilə bağlı verilib. FIFA tərəfindən maliyyələşdirilən turnirlərin kütləvi şəkildə boykot edilməsi də əsas təhlükələrdən biri kimi qeyd edilib.
FIFA nümayəndələri hazırda layihənin dərhal dayandırılması ilə bağlı məsləhətləşmələr aparırlar.
Qeyd edək ki, bundan əvvəl İnfantinonun bu təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən rədd edilmişdi. UEFA həmçinin FIFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etdiyini elan etmişdi.
Xatırladaq ki, FİFA-nın planı təşkilatın flaqman kişi və qadın yarışlarına nəzarət edəcək 20 milyard dollarlıq törəmə şirkətin yaradılmasını nəzərdə tutur. İnfantino hesab edir ki, “FIFA Forward Enterprise” şirkətinin yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və dünya miqyasında futbolun inkişafına töhfə verəcək. İnfantino bu sxemin 4,2 milyard dollar cəlb edə biləcəyini bildirir. Həmçinin, bu plan milli federasiyalara ödənişlərin qarşıdakı dörd illik dövrdə 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 və 24 milyon dollara qədər artırılmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top