
ABŞ Prezidenti Donald Tramp zarafatla ABŞ-ın növbəti prezidenti olmaq istədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Real America's Voice” telekanalına verdiyi müsahibədə qeyd edib.
“Deyirəm ki, prezident vəzifəsini tutacaq növbəti şəxs mən olmaq istərdim, çünki növbəti prezident super dahi kimi qəbul ediləcək, çünki fabriklər açılacaq, iş yerləri yaradılacaq, ölkə yenidən qurulacaq və buna görə ona təşəkkür ediləcək", - o, bildirib.
Qanuna görə, Trampın prezident kimi ikinci müddəti 2029-cu ilin yanvar ayında başa çatır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən çox vəzifədə qalmasını məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək niyyətini ifadə edib.
Bundan əvvəl, o, Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində zarafatla yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabr ayında demokrat namizəd Kamala Harrisi məğlub edərək, ikinci müddətə seçilib. Onun prezident kimi ilk müddəti 2017-ci ildən 2021-ci ilə qədər idi.
Tətbiqimizi yükləyə bilərsiniz