
Kaliforniya federal məhkəməsində “Netflix”ə qarşı 105 milyon dollarlıq iddia qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat verib.
Buna səbəb, hələ yayımlanmamış, baş rolda Nikolas Keycin çəkildiyi “Fortitude” filminin olduğu sərt diskin yayım xidmətinin ofisindən oğurlanması olub.
Londonda baş verən casus trilleri “Fortitude” “İkinci Dünya Müharibəsinin gedişatını dəyişdirən" Britaniya kəşfiyyat agentlərindən bəhs edir. Keyc filmdə Metyu Qud, Maykl Şin və Ben Kinqsli ilə birlikdə rol alır. Filmin büdcəsi 45 milyon dollar olub.
İddia ərizəsini filmin ssenaristi və prodüseri, isveçrəli iş adamı Saymon Afram və onun şirkəti “Op-Fortitude” qaldırıb. İyunun 15-i rejissorlar filmin olduğu diski “Netflix”in Los-Anceles ofisinə gətiriblər. İddialara görə, onlar yayım xidməti nümayəndələrinə filmin nüsxəsinin şifrələnmədiyini bildiriblər və izlədikdən dərhal sonra onu silmələrini istəyiblər. Bir neçə gün sonra “Netflix” ofisi qarət edilib. Oğrular həmçinin ofis masalarından bir neçə disk, o cümlədən “Fortitude” filminin bir nüsxəsini oğurlayıblar.
“Netflix”in film alışı üzrə rəhbəri Şon Berni bildirib ki, bu, şirkətdə bu cür ilk oğurluq hadisəsidir. O, əlavə edib ki, təhlükəsizlik orqanları oğruları tapa bilməyib.
Rejissorlar iddia ərizələrində “Netflix”in şirkətin polislə əlaqə saxlayıb-saxlamadığını və ya onları oğurluq hadisəsinin araşdırılmasına cəlb edib-etmədiyini açıqlamaqdan imtina etdiyini iddia edirlər. İddiaya görə, şirkət rejissorların Los-Anceles Polis Departamentini cəlb etmək tələbini rədd edib. Rejissorlar iddia edirlər ki, diskin oğurlanması filmin potensial distribütora satışını xeyli çətinləşdirib.
Şirkət bildirib ki, adekvat təhlükəsizlik tədbirləri olmadan verilən filmlərə görə heç bir məsuliyyət daşımır.
Tətbiqimizi yükləyə bilərsiniz