Göz


(Həyat dərsi)

Anası qızını çox sevir, həmişə ona “dünya gözəli” deyirdi. Elə o özü də buna şübhə etmirdi. Badam gözlü, ağ bənizli bir qızı kim sevməzdi? Ancaq məktəbə gedəndən sonra hər şey dəyişdi. Yoldaşları ona o qədər də gözəl olmadığını deyirdilər. Hətta çirkin deyənlər də tapılırdı. Qız əvvəlcə onlara inanmadı. Çünki onu qısqananlar da ola bilərdi. Ancaq çox keçməmiş həqiqət ortaya çıxdı. Onun “badam gözləri” çaş idi. Üstəlik, o, anası dediyi kimi “ağ bənizli” də deyildi. Deməli, anası uzun illər ona yalan danışmışdı. Get-gedə qızın anasına olan sevgisi nifrətə çevrildi...
Ailə qurmaq vaxtı çatsa da, adını çəkən yox idi. Üstəlik, nə qədər müalicə etsələr də, gözləri düzəlmirdi. Hətta həkimlər gözlərinin nə vaxtsa tutulacağını deyirdilər. Nəhayət o, anasının yalanlarına dözməyib evdən getmək qərarına gəldi. Ancaq anası başqa bir şəhərdə iş tapdığını bəhanə edərək ondan əvvəl evdən getdi.
Çox keçmədi ki, həkimlər dediyi kimi qızın gözləri tutuldu. O, öz qaranlıq dünyası ilə tək qalsa da, anasına olan nifrəti soyumurdu. Bir gün həkimlər onun gözlərini dəyişmək üçün yeni göz tapdıqlarını dedilər. Qız əvvəlcə razı olmaq istəmədi. Çünki gözü açılandan sonra eyni üzü görməkdən qorxurdu. Ancaq kor yaşamaq da çətin idi. Heç olmasa, başqalarına yük olmayacaqdı.
Əməliyyat çox uğurla keçdi. Qız əməliyyatdan sonra qorxa-qorxa güzgüyə yaxınlaşdı. Güzgüdə özünü görüb var gücü ilə qışqırdı. Qarşısında sanki dünya gözəli dayanmışdı. Üzündəki ləkələrdən əsər-əlamət qalmamışdı. Sanki sirli bir əl burnuna sığal çəkmişdi. Qulaqları əvvəlki kimi yöndəmsiz deyildi. Saçları da dalğa-dalğa olmuşdu.
Qız yanındakı yaşlı həkimi bağrına basdı. Sevinclə: “Gözlərimə inana bilmirəm. Elə bil dünyaya yenidən gəlmişəm. Yoxsa, üzümü, burnumu, qulağımı, saçımı siz dəyişmisiniz?” - deyə soruşdu. Yaşlı həkim gülümsəyərək cavab verdi: “Yox, biz heç bir şeyi dəyişməmişik. Sadəcə olaraq, sənə ananın gözlərini qoymuşuq. İndi sən özünə onun gözləri ilə baxırsan”...

DİGƏR XƏBƏRLƏR

Top