Azərbaycanda bir çox banklar rubl almır - vətəndaşlar nə etsin? - ŞƏRHLƏR

Qeyri-rəsmi məlumatlara görə Rusiyada 2 milyondan artıq soydaşımız yaşayır. Rusiyada mövsümi işlərlə məşğul olub geri qayıdan soydaşlarımız da kifayət qədərdir. Əksəriyyəti çörəkpulu dalınca bu ölkəyə üz tutan soydaşlarımız qazandığını ya özü ilə birgə ölkəyə gətirir, ya da hissə-hissə ailəsinə göndərir. Rusiyadan gələn tanışları vasitəsilə ailəsinə, dost-tanışına elə bu ölkənin valyutası ilə çörəkpulu göndərənlər də az deyil. Lakin son vaxtlar ölkəmizdə bir çox banklar rubl almaqdan imtina edirlər. Banklardan vətəndaşlara bildirirlər ki, rubl götürmürlər. Bəzi banklar isə valyuta məzənnələrini göstərən lövhələrində rublun məzənnəsi göstərmirlər. Bəs bu halda vətəndaş nə etməlidir?

"Lirəni, rus rublunu banklar nəzərə almalıdırlar"

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev məsələni Yeniavaz.com saytına belə şərh etdi: "Məsələ bundan ibarətdir ki, banklarda heç də bütün valyutaların olması vacib deyil. Əsas valyutalar: dollar, avro, funtsterlinq və s. banklar bunlarla mübadilə aparırlar. Siz rublu qeyd edirsiniz, düzdür, Rusiyada yaşayan azərbaycanlılar var və ona görə də rubla bizdə tələbat olur. Amma tutaq ki, bu gün gedək Rusiya banklarına - orada manat dəyişə bilərik? Əlbəttə, yox. Manata heç kim yaxın durmayacaq, amma bizdə rubl alırlar, götürürlər. Düzdür, son vaxtlar banklar rubl almamağa başlayıblar. Bizim Rusiya ilə ticarət münasibətlərimiz var. Ticarət münasibətləri güclü olan ölkələrin valyutalarına həmişə tələbat olur. Düzdür, bizdə Rusiyadan daha çox idxal olunur, amma hər bir halda bu ölkə bizim əsas ticarət tərəfdaşımızdır. Amma bizdə Kanada dolları, Avstraliya dolları və s. getsəniz, banklarda olmayacaq. Çünki bizim onlarla sıx əlaqəmiz yoxdur. Bu məsələnin necə həll edilməsinə gəlincə, mən deməzdim ki, heç də bütün banklar rus rublunu götürmür. Bizdə Rusiya əsaslı banklar var - "Nikoil bank", VTB bank və s. Yəqin ki, həmin banklar rus rublunu götürürlər. Sizə bu problemlə bağlı məlumat verən şəxslərin müraciət etdiyi bankların yəqin ki, rus rubluna ehtiyacı olmayıb. Qanunvericilikdə bununla bağlı göstəriş yoxdur ki, mütləq bütün valyutalar olmalıdır. Banklar bunu bazar əsasında müəyyənləşdirir və valyuta alqı-satqısını həyata keçirirlər. Razıyam ki, rublu bizə uzaq valyuta deyil, hər halda bizim Rusiyaya gediş-gəlişimiz çoxdur, rubla tələbat olur.

2014-cü ildən başlayaraq rubl kəskin ucuzlaşdı və rubl alan olmadı. Bəlkə rubla tələbat olmadığına görə də banklar bu valyutanın alışını və satışını dayandırır. Banklar rublu nəyə görə alır - ona görə ki, onu kimsə almaq və ya satmaq istəyir. Əgər tələbat yoxdursa, alan-satan yoxdursa, banklar artıq rublu saxlamırlar. Ancaq ümumən götürəndə mən düşünürəm banklar nəzərə almalıdırlar ki, valyutalar təkcə dollar, avro, funtsterlinqdən ibarət deyil. Lirəni, rus rublunu məncə, banklar nəzərə almalıdırlar, buna uyğun öz işlərini qurmalıdırlar.

Valyuta mövqeyi deyilən bir anlayış var. Bu belədir ki, bankın aldığı və satdığı valyutanın arasında bir əlaqə var, uyğunluq var. Mərkəzi Bank tərəfindən də bir normativ var və həmin normativi banklar keçə bilməzlər. Normativi keçsələr, bunu pozmuş olurlar. Devalivasiya zamanı da bankların əksəriyyəti mən dediyim normativi pozmuşdular, yəni böyük həcmdə dollar öhdəlikləri var idi. Ona görə də devalvasiya baş verəndə həmin banklar çox böyük zərərə düşdülər. Ona görə də Mərkəzi Bank bunu tənzimləyir ki, 10 faizlik norma keçilməsin. Bank da bunu əsas gətirə bilər ki, mənim bu valyutaya ehtiyacım yoxdur, mənim valyuta mövqeyim bu günün normasına uyğundur və rublu alsam və yaxud satsam, valyuta mövqeyim pozula bilər. Bunu əsas gətirib imtina edə bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası banklara valyuta əməliyyatı aparmaq üçün lisenziya verir. Həmin lisenziyanın şərtləri olur ki, banklar da buna uyğun olaraq işini qurmalıdır. Amma mən düşünmürəm ki, bank hansısa bir halda alışı dayandırırsa, qanunu pozmuş olur. Yəni bu, bayaq dediyim səbəbdən də əsaslandırıla bilər. Yox əgər, bu həmişə baş verirsə, artıq bu məsələyə baxmaq olar".

"Ola bilər ki, məzənnə vətəndaşa sərf eləməsin..."

İqtisadçı ekspert Akif Nəsirlinin isə bu mövzu ilə bağlı sualımıza cavabı bir qədər fərqli oldu: "Qanunvericiliyə uyğun olaraq Azərbaycanda əgər hər hansı bir valyutanın məzənnəsi müəyyən edilirsə, bank və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası həmin valyutaların satışını və alışını qanuni sayırsa, banklar qeyri-şərtsiz buna əməl etməlidirlər. Yəni heç bir problem olmadan, problem yaratmadan həmin valyutaları almalıdırlar, o cümlədən də rus rublunu. Ola bilər ki, məzənnə vətəndaşa sərf eləməsin, məsələn, vətəndaş 1000 rublu 30 manata satmaq istəyir, ancaq bank ona bunun müqabilində 28 manat təklif edir - belə hallar ola bilər, ancaq banklar təklif olunan valyutanı götürməlidirlər. Ola bilər ki, vətəndaş hansısa bankdan hər hansı bir valyutanı almaq istəyəndə ona deyilsin ki, həmin valyuta yoxdur - bu mümkündür. Adətən deyirlər ki, dollar yoxdur. Amma vətəndaş tərəfindən təklif edilən valyutanın alınmasında heç bir problem olmamalıdır. Bu halla üzləşmiş vətəndaşlar yaxşı olar ki, həmin bankın adını qeyd eləməklə Mərkəzi Banka, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsinlər. Bu, ciddi qanun pozuntusudur. Əgər belə bir hal varsa, bunun səbəbi Azərbaycan manatının rubla nisbətdə sabit olmamasıdır, yəni dəyişəndir. Bank tərəddüd edir ki, rublu alar və sonradan rubl öz dəyərini itirə bilər, ziyana düşər. Yəni banklar ehtiyatla yanaşırlar. Ona görə ki, Rusiya da təxminən Azərbaycanla eyni problemlərlə üz-üzədir. Bu, aydındır. Ancaq məsələ burasındadır ki, Azərbaycanda fəaliyyət göstərən bank Azərbaycan qanunlarına, Azərbaycanın maliyyə sferasını idarə edən qurumların verdiyi qərarlara hörmətlə yanaşmalıdır. Bu, qanun pozuntusudur. Əgər valyuta almaq istəyirsənsə, bank qeyd edə bilər ki, bizim filan valyutamız yoxdur. Amma onu almağın heç bir problemi olmamalıdır. Bu, çox ciddi qanun pozuntusudur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top