Səudiyyə Ərəbistanı iqtisadiyyatı böyük geriləmə ilə üzləşib


Səudiyyə Ərəbistanı iqtisadiyyatı 2020-ci ildən bəri ən böyük rüblük geriləmə ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ və İsrail arasında fevral ayında başlayan və Hörmüz boğazında neft daşımalarına ciddi maneələr yaradan uzunmüddətli hərbi qarşıdurma Səudiyyə Ərəbistanı iqtisadiyyatına mənfi təsir göstərib.
Səudiyyə Ərəbistanı Statistika Baş İdarəsinin ilkin məlumatlarına əsasən, ölkənin ümumi daxili məhsulu (ÜDM) 2026-cı ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azalıb. Beləliklə, ölkə iqtisadiyyatı COVID-19 pandemiyasının təsirlərinin hiss olunduğu 2020-ci ildən bəri ən böyük rüblük geriləməni qeydə alıb.
Müqayisə üçün, 2026-cı ilin ilk rübündə Səudiyyə Ərəbistanı iqtisadiyyatı 3% böyümüşdü.
Geriləmənin əsas səbəbi neft sektorunda kəskin azalma olub. Belə ki, ikinci rübdə neft sektorunun istehsalı illik ifadədə 24,7% azalıb. Halbuki ilin ilk üç ayında bu sahədə 2,9%-lik artım qeydə alınmışdı.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından prioritet hesab olunan qeyri-neft sektoru isə ikinci rübdə 0,6% böyüyüb. Bu göstərici birinci rübdə qeydə alınan 2,9%-lik artımdan xeyli aşağıdır.
İqtisadi geriləmənin əsas amillərindən biri regionda davam edən hərbi qarşıdurmanın neft nəqli marşrutlarına təsiri olub. Dünyanın ən mühüm enerji tranzit nöqtələrindən biri olan Hörmüz boğazında yaranan vəziyyət Səudiyyə Ərəbistanının neft ixracına da təsir göstərib.
Riskləri azaltmaq məqsədilə Səudiyyə Ərəbistanı ixrac etdiyi neftin bir hissəsini alternativ marşrutla Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına nəql etməyə başlayıb. Lakin Qırmızı dənizdə gəmiçiliyə qarşı mümkün Husi hücumları da ölkənin enerji ixracı üçün əlavə risk olaraq qalır.
Münaqişə fonunda Səudiyyə Ərəbistanının neft hasilatı hələ də müharibədən əvvəlki səviyyələrdən aşağıdır. Bununla belə, qlobal bazarda neft qiymətlərinin yüksəlməsi ölkənin gəlirlərinə müəyyən müsbət təsir göstərib.

DİGƏR XƏBƏRLƏR

Top