
Kristofer Nolanın “Odissey” əsərini ekranlaşdırması Böyük Britaniyada Yunan və Roma mifologiyasına, xüsusilə də, Homerin “Odissey” epik poemasına marağı artırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NielsenIQ” bazar araşdırma şirkəti məlumat verib.
“NielsenIQ”yə görə, filmin nümayişindən keçən dörd həftə ərzində “Odyssey”in Böyük Britaniyadakı çap satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1400 faiz artıb.
Britaniya-Amerika klassiki Emili Uilsonun minilliklər boyu davam edən mifoloji hekayənin 2017-ci ildə nəşr olunmuş tərcüməsi də oxşar sürətlə satılmaqda davam edir.
Britaniyanın ən böyük kitab mağaza şəbəkəsi olan “Waterstones”da Uilsonun tərcümələrinin satışları 2025-ci illə müqayisədə 1000 faizdən çox artıb. Bu tərcümə bütün digər mövcud tərcümələrin satışını da geridə qoyub.
Digər tərəfdən, “NielsenIQ” qeyd edib ki, Homerin “İliada”, Madlen Millerin "Sirk" və Marqaret Atvudun “Penelopiada” əsərləri də daxil olmaqla bir çox oxşar əsərlərin satışlarında ciddi artım müşahidə olunub.
Aktyor və yazıçı Stiven Frayın “Odissey” əsəri hazırda “Amazon”un Böyük Britaniya veb saytında tarixi bestsellerləri siyahısında birinci yerdədir.
Onun digər iki klassik kitabı “Miflər” və “Troya” isə onlayn nəhəngin siyahısında müvafiq olaraq ikinci və beşinci yerləri tutur.
Audiokitablar da bu bumdan öz payını alır. Belə ki, “Spotify” “The Odyssey” tərcümələri üçün axtarışların 310 faiz artdığını bildirir.
Qeyd edək ki, film tarixi epik, mifologiya və macəra dramının elementlərini özündə birləşdirir. Filmdə Odissey obrazını Mett Deymon canlandırır. Rollarda həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nionqo, Zendaya, Himeş Patel, Şarliz Teron, Con Berntal, Benni Sefdi və Elliot Peyc də yer alır.
Xatırladaq ki, Nolanın “Odissey” filmi Homerin eyniadlı qədim yunan epik poemasının adaptasiyasıdır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına qayıtmağa çalışan İtaka kralı Odisseydən bəhs edir. Yolda o, bir çox sınaqlarla üzləşir.
Tətbiqimizi yükləyə bilərsiniz