UEFA Dünya Kubokunun yeni versiyasını hazırladı


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Dünya Kubokuna alternativ ola biləcək “Qlobal Millətlər Liqası” adlı futbol turniri üçün konsepsiya hazırlayıb.
Yeniavaz.com
“Sky News” telekanalına istinadla xəbər verir ki, bu, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) himayəsi altında keçirilən turnirləri boykot etdiyini elan etməsi fonunda baş verib.
Səkkiz komandadan ibarət yeddi divizionu əhatə edən bu format 2017-ci ildə hazırlanıb. Təşkilat bu yarışları Avropa və Dünya Çempionatları ilə üst-üstə düşməmək üçün tək illərdə keçirməyi planlaşdırırdı. İştirakçılar milli komanda reytinqlərinə əsasən divizionlara bölünməli idilər. Hər divizion daxilində kvotalar aşağıdakı kimi paylanmalı idi: Avropadan üç, Cənubi Amerikadan iki və Afrika, Asiya və Şimali Amerikadan bir komanda. Okeaniya komandası isə yalnız dördüncü ən güclü diviziona daxil olmalı idi. Lakin, FIFA prezidenti Canni İnfantinonun genişləndirilmiş Klublararası Dünya Kuboku yaratmaq istəyi ilə əlaqədar bu layihə dayandırıldı.
Daha sonra UEFA FİFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etdiyini elan etdi. Bu qərarı təşkilatın bütün 55 üzvü müdafiə etdi. Təklifi  Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (CONCACAF) üzvləri də rədd etdi. Buna səbəb FİFA rəhbəri İnfantinonun Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsini xüsusi investorlara satmaq planı idi. Nəzərdən keçirilən potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da var. FİFA bu sxemin 4,2 milyard dollar cəlb edə biləcəyini bildirsə də, bu təşəbbüs rəsmilər, federasiyalar və digər təşkilatlar tərəfindən tənqid obyektinə çevrildi.
FİFA-nın planı təşkilatın əsas kişi və qadınlar yarışlarına - Dünya Kuboku və Klublararası Dünya Kubokuna nəzarət edəcək bir şirkətin yaradılmasını nəzərdə tutur.
FİFA-nın bu məsələdə ABŞ Prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top