
Son 10 ildə Azərbaycanın bütün şəhər və rayonlarında əhalinin təbii qaz istehlakı artıb.
Yeniavaz.com-un rəsmi statistik məlumatlar əsasında apardığı araşdırma göstərir ki, 2015-2024-cü illər ərzində işğaldan azad edilən şəhər və rayonlar istisna olmaqla 59 şəhər və rayonun hamısında əhali tərəfindən istehlak olunan təbii qazın həcmi artıb.
Qeyd edək ki, son 10 ildə təbii qaz istehlakında ən yüksək artım İmişli rayonunda qeydə alınıb. Belə ki, rayonda əhali tərəfindən istehlak olunan təbii qazın həcmi 2015-ci ildəki 14,9 milyon kub metrdən 2024-cü ildə 41 milyon kub metrə yüksələrək 2,8 dəfə artıb. Sonrakı yerlərdə Saatlı rayonu (2,6 dəfə), Beyləqan rayonu (2,5 dəfə), Naftalan şəhəri (2,3 dəfə), Tərtər, Cəlilabad və Sabirabad rayonları (2,2 dəfə) qərarlaşıb.
Paytaxt Bakı şəhərində əhali tərəfindən istehlak olunan təbii qazın həcmi 1 033,6 milyon kub metrdən 1490,8 milyon kub metrə yüksələrək 44,2% artıb. Abşeron rayonunda isə istehlak 171,6 milyon kub metrdən 313,3 milyon kub metrə çataraq 82,6% artıb. Ümumilikdə ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 44,7%-i Bakı şəhəri və Abşeron rayonunun payına düşüb.
Açıqlanan rəsmi məlumatlardan görünür ki, təbii qaz istehlakında ən aşağı artım Samux rayonunda qeydə alınıb. Bu rayonda son 10 ildə istehlak cəmi 1,7% artıb. Qazax rayonunda artım 2,6%, Ağdam rayonunda isə 8,6% olub. Bununla yanaşı, Balakən (14,6%), Hacıqabul (15,6%) və Şamaxı (18,9%) rayonlarında da artım ölkə üzrə ən aşağı göstəricilər sırasında yer alıb.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz