Tbilisidə tramvay tenderi Türkiyə şirkətlərini üz-üzə gətirdi


Tbilisidə tramvay xətti və deposunun tikintisi üzrə beynəlxalq tenderin nəticəsinə etiraz edilib.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “YDA İnşaat Sanayi ve Ticaret A.Ş.” – “Gülermak Ağır Sanayi İnşaat ve Taahhüt A.Ş.” birgə müəssisəsi tenderin qalibi elan edilən EYE konsorsiumunun tələblərə cavab vermədiyini iddia edib.
Bu barədə Gürcüstan Dövlət Satınalma Agentliyinin saytında yayımlanan şikayətdə bildirilib.
Şikayət Asiya İnkişaf Bankının qaydalarına əsasən keçirilən tenderlə bağlıdır. Tenderin qalibi 15 iyul 2026-cı ildə EYE birgə müəssisəsi – “EmreRay Enerji İnşaat”, “Yüksel İnşaat” və “Erk İnşaat” şirkətlərinin konsorsiumu elan edilib.
Tbilisi meri Kaxa Kaladze daha əvvəl bildirib ki, 287,6 milyon dollar dəyərində müqavilə 14 günlük apellyasiya müddəti başa çatdıqdan sonra qalib şirkətlə imzalanacaq.
“YDA–Gülermak” tenderdə təqdim etdiyi təklifin bütün tələblərə uyğun olduğunu və qiymətləndirmənin nəticələrinə əsasən ikinci ən aşağı uyğun təklif olduğunu bildirir.
Tender iştirakçılarının təklifləri belə olub:
EYE (Türkiyə) – 287,7 milyon lari;
“YDA–Gülermak” (Türkiyə) – 332,4 milyon lari;
Uhan Bələdiyyə Tikinti Qrupu (Çin) – 397,5 milyon lari;
Doğuş İnşaat (Türkiyə) – 412,6 milyon lari.
Tenderin ilkin təxmini dəyəri isə 416,6 milyon lari müəyyən edilib. Şikayətin əsas hissəsi EYE konsorsiumunun texniki ixtisasına və təcrübəsinə aiddir.
“YDA–Gülermak” iddia edir ki, tender sənədlərinə əsasən iştirakçılardan yeni tramvay deposunun həm layihələndirilməsi, həm də tikintisi üzrə təcrübə tələb olunub. Şirkətin fikrincə, EYE bu məcburi tələbə cavab vermir.
Şikayətçinin məlumatına görə, EYE konsorsiumu Türkiyənin Kocaeli şəhərində mövcud tramvay xətti və deposu ilə bağlı yalnız interfeys işləri həyata keçirib. Kocaelidəki yeganə tramvay deposunun isə “Gülermak” tərəfindən layihələndirildiyi və tikildiyi bildirilir.
“YDA–Gülermak” bu iddianı təsdiqləmək üçün Kocaeli Böyükşəhər Bələdiyyəsinin 17 iyul 2026-cı il tarixli rəsmi məktubunu da şikayətə əlavə edib.
Şikayətçi EYE-nin qiymət təklifinin tender üzrə müəyyən edilmiş təxmini dəyərdən əhəmiyyətli dərəcədə aşağı olmasına da diqqət çəkib.
Belə ki, EYE 287,7 milyon lari təklif edib. Bu məbləğ tenderin 416,6 milyon lari müəyyən edilmiş təxmini dəyərindən təxminən 31 faiz və ya 129 milyon lari azdır.
“YDA–Gülermak” hesab edir ki, bu halda tender sənədlərində nəzərdə tutulan “qeyri-adi dərəcədə aşağı qiymət” prosedurunun tətbiq edilib-edilmədiyi açıqlanmalıdır.
Şikayətdə, həmçinin prosedur və şəffaflıqla bağlı iradlar səsləndirilib. “YDA–Gülermak” bildirir ki, qalibin elan edilməsi barədə bildirişdə şirkətin təklifinin hansı səbəbdən seçilmədiyi izah olunmayıb. Bundan başqa, tender qaydalarında nəzərdə tutulan texniki və ixtisas sənədlərinin elektron dövlət satınalma sistemində dərc edilmədiyi iddia edilir.
“YDA–Gülermak” Tbilisi Nəqliyyat Şirkətindən EYE konsorsiumunun tender tələblərinə uyğun təcrübəyə malik olub-olmadığını araşdırmağı və tender sənədlərini açıqlamağı tələb edir.
Qeyd edək ki, layihə Tbilisidə 7,5 kilometrlik tramvay xəttinin və tramvay deposunun tikintisini nəzərdə tutur. Layihənin tamamlanması üçün 36 aylıq müddət müəyyən edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top