FIFA prezidenti Dünya Çempionatını Trampın kürəkəninə satmaq istəyir – UEFA-dan sərt reaksiya


FIFA 4 ildən bir keçirilən futbol üzrə Dünya Kubokunun kommersiyalaşdırılması çərçivəsində turnirə sahib olacaq yeni yaradılmış şirkətin 20 faizlik payını özəl investora satmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, “The Times” və “Financial Times” qəzetlərinin yaydığı məlumata görə, FIFA prezidenti Canni İnfantinonun təklif etdiyi plana əsasən, Dünya Kubokunun kommersiya və tədbir əməliyyatlarını idarə edəcək şirkətin 20 faizlik payının təxminən 20 milyard dollara satılması nəzərdə tutulur. Bu addımın FIFA-ya 2026-cı ilə qədər təxminən 4 milyard dollar gəlir gətirəcəyi bildirilir.
Məlumata görə, FIFA 211 üzv assosiasiyadan sözügedən təşəbbüsü təsdiqləmələrini istəyir. Təklif qəbul ediləcəyi təqdirdə hər bir üzv federasiyanın təxminən 20 milyon dollar əldə edəcəyi gözlənilir.
FIFA isə bildirir ki, yeni şirkət təşkilatın kommersiya və tədbir əməliyyatlarına nəzarət edəcək. Qurum yeni törəmə şirkətdə əsas pay sahibi olaraq qalacaq, həmçinin Dünya Kubokunun keçirilməsi, oyun cədvəli, idarəetmə və tənzimləyici qərarlar üzərində nəzarəti özündə saxlayacaq.
Şirkətə sərmayə yatıracaq qrupun ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner tərəfindən idarə ediləcəyi bildirilir. FIFA-ya isə sözügedən prosesdə “JPMorgan” tərəfindən maliyyə məsləhəti veriləcəyi qeyd olunur.
Planın həyata keçirilməsi üçün FIFA üzvlərinin əksəriyyətinin razılığı tələb olunur. Canni İnfantino federasiyalara potensial 20 milyon dollarlıq maliyyə vəsaitini əldə etmək istəyirlərsə, sentyabrın 19-dək səs vermələri üçün müddət müəyyənləşdirib.
FIFA-nın təşəbbüsü Avropa və Amerika futbol assosiasiyaları, həmçinin KONKAKAF və UEFA tərəfindən ciddi tənqid olunub.
UEFA yaydığı açıqlamada planın futbolun idarəçiliyində qəbuledilməz sərhəd yaratdığını bildirib.
“Futbolun ruhu və idarəçiliyi, xüsusən də maliyyə faydalarını kimin alacağı ilə bağlı şəffaflıq olmadığı zaman, mübadilə ediləcək bir aktiv deyil. Futbola heç kim sahib deyil. O, FİFA-nın satılacaq mülkiyyəti deyil”, – deyə UEFA-nın açıqlamasında vurğulanıb.
Mediada yayılan məlumatlara görə, UEFA FIFA-nın təşkil etdiyi tədbirləri, o cümlədən Dünya Kuboku və Klublararası Dünya Kubokunu boykot etmək variantını da nəzərdən keçirir.
Son həftələrdə FIFA ilə UEFA arasında münasibətlərin daha da gərginləşdiyi bildirilir. UEFA prezidenti Aleksander Çeferinin bir sıra məsələlərə görə Dünya Kubokunun finalının boykot edilməsinə çağırdığı barədə məlumatlar yayılıb. Bu məsələlərdən biri FIFA-nın ABŞ millisinin hücumçusu Baloqunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı qərarıdır.
UEFA bu səhər yaydığı açıqlamada məsələ ilə bağlı müxtəlif maraqlı tərəflərlə müzakirələr apardığını və FIFA-nın planına qarşı “artan və əhəmiyyətli müxalifətin” olduğunu bildirib.
Qeyd edək ki, FIFA-nın 2026-cı il Dünya Kubokundan təxminən 15 milyard dollar gəlir əldə etdiyi bildirilir.
FIFA prezidenti Canni İnfantinonun hazırkı səlahiyyət müddəti gələn il başa çatır. Məlumata görə, İnfantino növbəti prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top