
Dövlət Əmək Müfəttişliyi Xidmətinin yazdığı cərimələrlə bağlı 29 iyul 2026-cı il tarixində quruma ünvanladığımız sorğuya cavab verilib.
Yeniavaz.com Xidmətin açıqlamasını olduğu kimi təqdim edir:
“Sorğunuza cavab olaraq bildiririk ki, qanunvericiliyinə əsasən işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə qüvvədən düşməsi arasındakı müddət onlar arasındakı əmək münasibətlərinin rəsmi qeydiyyata alındığı müddət hesab olunur.
Əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanması onun hüquqi qüvvəyə minməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalanması isə onun qüvvədən düşməsi hesab olunur.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq qeyd olunan elektron informasiya sistemi vasitəsilə əmək münasibətləri zamanı əmək hüquqlarının qorunmasına, o cümlədən işəgötürənlər tərəfindən işçilərə ödənilən əməkhaqlarının ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı səviyyəsindən aşağı olmamasına müvafiq nəzarət həyata keçirilir.
Xidmət tərəfindən aparılan bu nəzarət çərçivəsində “Aesthetic Dermal Filler” MMC ilə vətəndaş Nail Adıgözəlli arasında 29.04.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsində əməkhaqqının ölkə üzrə minimum əməkhaqqı səviyyəsindən aşağı olması (200 manat) və ötən dövrdə yenilənmənin aparılmadığı müəyyən edilmiş, bu səbəbdən 28.04.2026-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən həmin işəgötürən barəsində inzibati tənbeh tətbiq edilmişdir.
Qeyd edək ki, həmin inzibati tənbeh tətbiq edilərkən qeyd olunan əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir”.
***12:44, 30 iyul
Fəaliyyəti 2022-ci ildən rəsmi qaydada dayandırılan “AESTHETIC DERMAL FILLER” MMC-nin direktoru Nail Adıgözəlli minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verdiyi səbəb göstərilərək 1000 manat cərimələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin direktoru Nail Adıgözəlli məlumat verib.
Direktorun sözlərinə görə, sözügedən dövrdə müəssisə heç bir fəaliyyət göstərməyib, gəlir əldə etməyib, işçi əməyindən istifadə etməyib və ümumiyyətlə əməkhaqqı ödənişi həyata keçirməyib:
“Şirkətin fəaliyyəti 17 aprel 2022-ci ildən 17 aprel 2027-ci ilədək vergi orqanlarında müvəqqəti dayandırılıb. Buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidməti 28 aprel 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə elektron qərar qəbul edib. Qərardan verilmiş şikayət 8 iyun 2026-cı ildə təmin olunmayıb, həmin qərar isə yalnız 20 iyul 2026-cı il tarixli məktubla təqdim edilib”.
Nail Adıgözəlli Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu qərarına etiraz edərək bildirib ki, qanun minimum əməkhaqqından aşağı məbləğin əmək müqaviləsində göstərilməsinə görə deyil, həmin məbləğin işçiyə faktiki ödənilməsinə görə məsuliyyət nəzərdə tutur.
Onun sözlərinə görə, qərarda əməkhaqqının nə vaxt, hansı sənəd əsasında və hansı üsulla ödənildiyini təsdiq edən heç bir bank çıxarışı, kassa sənədi və ya əməkhaqqı cədvəli yoxdur:
“Cərimə yalnız elektron sistemdə əvvəlki dövrdən qalmış əmək müqaviləsində göstərilən məbləğə əsaslanıb.
Digər diqqətçəkən məqam isə elektron sistemdə işçi kimi görünən şəxsin elə şirkətin direktoru və qanuni təmsilçisi olmasıdır. Şirkətdə başqa işçi olmayıb, direktor real əmək funksiyası yerinə yetirməyib və özünə əməkhaqqı ödəməyib. Belə olan halda, fəaliyyəti dayandırılmış müəssisənin direktorunun özünə minimum əməkhaqqından aşağı maaş verməklə guya öz əmək hüququnu pozması barədə nəticəyə gəlinməsi həm hüquqi, həm də məntiqi baxımdan suallar doğurur.
Qərardan sonra elektron sistemdə qalmış məlumatın aradan qaldırılması məqsədilə əmək müqaviləsinə 30 aprel 2026-cı ildə xitam verilib. Lakin sonradan edilmiş bu texniki düzəliş əvvəlki dövrdə əməkhaqqı ödənildiyini sübut etmir. Buna baxmayaraq, şikayətə baxan orqan məhz müqavilənin sistemdə qalmasına və qərardan sonra ləğv edilməsinə istinad edərək ilkin cəriməni qüvvədə saxlayıb”.
Nail Adıgözəllinin müraciətində məsələ ilə bağlı daha ciddi iddialar da yer alıb.
Bildirilib ki, araşdırma zamanı oxşar cərimələrin yalnız fəaliyyəti dayandırılmış müəssisələrə deyil, artıq hüquqi şəxs kimi ləğv edilmiş şirkətlərə, hətta vəfat etmiş şəxslərin adına da tətbiq edildiyi müəyyən olunub:
“Bu məlumatlar təsdiqini taparsa, söhbət ayrı-ayrı texniki səhvlərdən deyil, faktiki hallar yoxlanılmadan elektron məlumatlar əsasında avtomatik cərimələrin tətbiqindən gedə bilər.
Minimum əməkhaqqı ilə bağlı qanunvericiliyin əsas məqsədi işçilərin əmək hüquqlarını qorumaqdır. Lakin ortada nə fəaliyyət göstərən müəssisə, nə faktiki işçi, nə görülmüş iş, nə də ödənilmiş əməkhaqqı olduğu halda cərimə tətbiq edilməsi bu məqsədə xidmət etmək əvəzinə, vətəndaş üçün əsassız inzibati yük yaradır”.
Hazırda Nail Adıgözəlli qərardan məhkəməyə şikayət etməyə hazırlaşır. O, Dövlət Əmək Müfəttişliyi Xidmətindən əməkhaqqının faktiki ödənildiyini sübut edən sənədlərin açıqlanmasını, həmçinin fəaliyyəti dayandırılmış və ləğv edilmiş müəssisələrlə bağlı tətbiq olunan cərimələrin yenidən araşdırılmasını tələb edir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, fəaliyyəti dayandırılmış şirkətə aktiv əmək müqaviləsinə görə cərimə yazılması düzgün deyil:
“Amma Əmək Müfəttişliyini də başa düşmək olur. Onlar sistemə baxır, görür ki, müqavilə aktivdir. Halbuki faktiki vəziyyəti araşdırmalı idilər. Şirkət fəaliyyətini dayandırıbsa, bu barədə vergi orqanından məlumat əldə edə bilərdilər və etməli idilər. Digər tərəfdən, şirkət rəhbərliyinin də müəyyən məsuliyyəti var. Fəaliyyət dayandırılarkən əmək müqavilələrinə də xitam verilməli idi. Ancaq faktiki əmək münasibəti olmayıbsa, bunu əsaslandırmaq mümkündür".
Əkrəm Həsənov
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığımız sorğuya isə cavab veriləcəyi bildirilsə də, sonradan cavab ala bilmədik.Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz