
Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, iyun ayında tikinti sektorunda inam indeksi mənfi 18 olub.
Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2025-ci ilin iyun ayında tikinti sektorunda inam indeksi müsbət 1,8 təşkil edib.
Qeyd edək ki, tikinti sektorunda yeni sifarişlərin icraya qəbul edilmə göstəricisi 2025-ci ilin iyununda mənfi 9,7 olduğu halda, 2026-cı ilin iyununda mənfi 28,2-yə düşüb. Bu, tikinti şirkətlərinə daxil olan yeni sifarişlərin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.
Tikinti işlərinin həcmi də 2025-ci ilin iyununda müsbət 8,3 olduğu halda, 2026-cı ilin iyununda mənfi 15,5-ə enib. Bu isə sektorda görülən işlərin həcminin azaldığını göstərir.
İşçilərin sayının dəyişməsi göstəricisi isə 2025-ci ilin iyununda 13,3, 2026-cı ilin iyununda isə mənfi 7,7 olub. Bu göstəricinin mənfi istiqamətdə dəyişməsi tikinti şirkətlərində məşğulluqla bağlı vəziyyətin pisləşdiyini və işçi sayının azaldılması meylinin gücləndiyini göstərir.
Eyni zamanda, işçilərin icraya qəbul edilmiş sifarişlər üzrə gözlənilən müddəti 2025-ci ilin iyununda 19,2 ay olduğu halda, 2026-cı ilin iyununda 19,7 ay olub.
Beləliklə, əsas göstəricilərin demək olar ki, hamısında pisləşmə qeydə alınıb və nəticədə tikinti sektorunda inam indeksi bir il ərzində azalaraq mənfi 18-ə düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz