
Ankara Respublika Baş Prokurorluğu Etimesgut Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu da daxil olmaqla 55 şübhəli barəsində həbs qərarı verib.
Yeniavaz.com “Haberler.com”a istindla xəbər verir ki, onlardan 42 nəfəri bələdiyyə işçisi, 13 nəfəri isə şirkət rəhbəridir.
55 şübhəli haqqında cinayət törətmək məqsədilə təşkilat yaratmaq, idarə etmək və ona üzv olmaq, mənimsəmə, rüşvət, hədə-qorxu ilə pul tələb etmə, tenderlərdə saxtakarlıq və öhdəliklərin yerinə yetirilməsində fırıldaqçılıq ittihamları ilə həbs qərarı verilib.
Onlardan 52 şübhəli saxlanılıb, qalan 3 şübhəlinin isə saxlanılması istiqamətində işlər aparılır.
Hazırda Ankara Polis İdarəsinin əməkdaşları bələdiyyə binasında axtarış aparır.
Həmçinin, şübhəlilərə məxsus 56 yaşayış yerində, 15 iş yerində və 41 nəqliyyat vasitəsində axtarış və müsadirə əməliyyatları davam edir.
*** 09:08
Türkiyənin paytaxtı Ankara şəhərində Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərlik etdiyi Etimesgut Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, əməliyyat zamanı Etimesgut CHP üzvü aktyor, həmçnin, bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.
Onunla birlikdə çoxsaylı şəxsin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu ilin mart ayında Ankara Respublika Baş Prokurorluğu Hesablama Məhkəməsi tərəfindən aparılan yoxlamalar zamanı Etimesgut Bələdiyyəsinin və onun törəmə müəssisəsi olan Etimkent A.Ş.-nin hesablarında aşkar edilmiş qanun pozuntuları ilə bağlı mənimsəmə ittihamı ilə bağlı istintaqa başlamışdı.
Xatırladaq ki, Erdal Beşikçioğlu 5 yanvar 1970-ci ildə Ankarada anadan olub. O, Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. Məzun olduqdan sonra Dövlət Teatrlarında aktyor kimi çalışıb və uzun illər teatr səhnəsində bir çox mühüm tamaşalarda rol alıb. Televiziya və kino karyerasında, xüsusən də “Behzat Ç.” obrazını canlandırması ilə geniş şöhrət qazanıb. “Behzat Ç. Bir Ankara Polisiyüsi” serialından əlavə, “Tatlı Hayat”, “Köprü”, “Adı Efsane” və “Çekiç ve Gül: Bir Behzat Ç. Hikayesi” kimi filmlərdə də rol alıb. Siyasi karyerasına Cümhuriyyət Xalq Partiyasında (CHP) başlayan Beşikçioğlu, 31 mart 2024-cü il seçkilərində CHP-nin Ankara Etimesgut bələdiyyə sədri vəzifəsinə namizədi olub və qalib gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz