
Samux Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün müraciət edən qadının həkim tapa bilmədiyi iddia olunub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, hadisə iyulun 27-də baş verib. Çobanabdallı kənd sakini Emin Mustafayev doğuş sancıları başlayan həyat yoldaşını Samux Rayon Mərkəzi Xəstəxanasına aparıb. Onun sözlərinə görə, xəstəxanada həkimlərin məzuniyyətdə olduğu bildirilib və bu səbəbdən qadına tibbi yardım göstərilməyib.
İddiaya görə, xəstənin başqa tibb müəssisəsinə aparılması üçün təcili tibbi yardım avtomobili də ayrılmayıb. Bundan sonra Emin Mustafayev həyat yoldaşını motosikletlə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya çatdırıb. Qadın uşağı burada dünyaya gətirib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna belə cavab verildi:
“Sosial şəbəkələrdə Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülərlə bağlı qeyd edirik ki, videoda hamilə qadının müayinəyə cəlb edilməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb.
Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs (USM) müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib. Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb. Vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyilə Gəncə Perinatal Mərkəzinə müraciət edib. Yaranmış anlaşılmazlıq tam olaraq aradan qaldırılıb”.
Tətbiqimizi yükləyə bilərsiniz