
Amerikalı aktyor və “Thirty Seconds to Mars” qrupunun solisti Cared Leto cinsi təcavüz iddialarını inkar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə müğənni “The Hollywood Reporter”ə danışıb.
“Mən bütün həyatımda heç vaxt heç kimə cinsi təcavüz etməmişəm. Bu iddialar tamamilə və qəti şəkildə yalandır”, - müğənni bildirib.
Bundan əvvəl Britaniya Yayım Korporasiyası (BBC) 10 qadının Cared Letonu cinsi təcavüzdə ittiham etdiyini bildirib. İddialara görə, iddialardan dördü yetkinlik yaşına çatmayan qızlarla bağlıdır. Onlardan biri iddia edirdi ki, Leto dəfələrlə ona “ədəbsiz təkliflərlə” zəng edib və daha sonra hadisələr barədə susması üçün ona gizlilik müqaviləsi göndərib. Digərləri isə musiqiçi ilə otel otaqlarında cinsi əlaqədə olduqlarını iddia ediblər.
Cared Leto amerikalı aktyor və müğənni, “Thirty Seconds to Mars” rok qrupunun solistidir. O, “Fight Club” (1999), “Requiem for a Dream” (2000) və “Blade Runner 2049” (2017) filmlərində rol alıb. 2014-cü ildə “Dallas Alıcılar Klubu” (2013) filmindəki ikinci dərəcəli roluna görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz