Mingəçevir polisinin fəaliyyəti vətəndaşlar arasında neçə qiymətləndirilir? - SORĞU

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan polisi haqqında müxtəlif xarakterli yazılar gedir. Bu da vətəndaşlarda polisə qarşı mənfi rəy yaradır. Bəs Mingəçevir polisinin fəaliyyəti və fəaliyyətindəki aşkarlıq vəziyyəti vətəndaşlar arasında neçə qiymətləndirilir? Bu sualımıza cavab almaq məqsədi ilə şəhər sakinləri arasında sorğu keçirdik.

"Yeni rəisə biz ağsaqqalların böyük hörməti var"

Şəhər ağsaqqalı Sahib Hüseynov "Yeniavaz"a bildirdi ki, vətəndaş, onun atdığı addım dövlətin qanunlarına uyğun olaraq qorunursa, deməli, hər bir Azərbaycan vətəndaşı bundan qürur duymalıdır: "Polisin faydası olmasa, insanların əminamanlığı haqqında heç cür danışmaq mümkün deyil. 50 il pedoqoji fəaliyyətlə məşğul olmuşam. Hər zaman gəncliyə iqtisadi, siyasi inkişafın ilkin şərtinin əminamanlıq olduğunu təbliğ etmişəm. İnsanların sakit yaşaması onların əməli fəaliyyətinin yüksək olmasına birbaşa təsir edən amildir. "Mənim polisim məni qoruyur" - bu şüar hər bir Azərbaycan vətəndaşının ürəyindədir, qəlbindədir, doğrudan da polisin fəaliyyəti olmasa sabitlik, əminamanlıq pozular. Bir şəhər ağsaqqalı kimi deyərdim ki, son bir ildə Mingəçevir şəhərində polisin fəaliyyəti Şəhər Polis Şöbəsində rəhbərliyin dəyişməsi ilə xeyli dəyişib. Şəhərin əminamanlığında böyük bir dəyişiklik olub. Ayrı-ayrılıqda hər bi polis nəfərinin fəaliyyətində, küçədəki hərəkətində bu hiss olunur. Mən bunu bir ziyalı kimi dərk edirəm, eyni zamanda bu, kütlənin də fikridir. Biz ağsaqqallar bir yerdə olanda belə məsələləri öz aramızda müzakirə edirik. Şəhərimizə yeni rəis təyin olunmuş Cavid Muradova biz ağsaqqalların böyük hörməti var. Amma bir iradım da var. Əlamətdar bayram günlərində uşaqlar, elə böyüklər də pirotexniki məhsul olan partlayıcı vasitədən istifadə edirlər. Bu partlayıcı maddələrin şəhərdən yığışdırılması daha məqsədə uyğun olardı. Bu biz yaşlı insanlarda stress yaradır. Dəfələrlə ərazilərdə dayanan polis serjantlarına iradımı bildirmişəm, amma heç bir faydası olmayıb. Mən artıq dərəcədə xahiş edirəm ki, insanlara xəstəlik gətirən, xəsarət yetirən, hədə-qorxu gətirən, rahatlığını pozan o partlayıcıları yığışdırsınlar".

"Böyük şəhər olmasa da, burada narkomanlar kifayət qədər idi"

Digər şəhər sakini - taksi sürücüsü Tahir Əliyev sualımıza cavab olaraq bildirdi ki, Mingəçevir çox da böyük şəhər olmasa da, burada narkomanlar kifayət qədər idi: "Axşam vaxtı evə gedəndə hər addım başı onlarla rastlaşırdıq. İnsanda bir fikir formalaşırdı ki, doğurdandamı bu bizim şəhərdir? Amma son bir ildə şəhərdə vəziyyət müsbət mənada dəyişib. Sanki şəhərdə belə insanlar olmayıb. Vəziyyətimizdən çox razıyıq".

"Onlar bizi qoruyur, biz də öz borcumuzu yerinə yetirməliyik"

Sorğumuza Yevlax şəhər sakini Dünya Məmmədova da cavab verdi: "Mən Yevlaxda yaşamağıma rəğmən, hər gün bu şəhərə gəlirəm, buradan alış-veriş edirəm, ümumiyyətlə, şəhərdə çox oluram. Mən düzgünlüyü sevən qadınam. Sözün həqiqi mənasında mən də istəyərdim ki, bizim Yevlax şəhərində də belə işinə can yandıran polislər olsun. Eşitdiyimə görə, buranın rəisi cavan olsa da, şəhərdə bir çox dəyişikliklər olub. Onların peşəsi böyük məsuliyyət tələb edən bir peşədir. Bu peşəyə yiyələnən insan da cəmiyyətin və ətrafında olan hər bir fərdin təhlükəsizliyinə cavabdehdir. Son vaxtlar Azərbaycan polisinə qarşı ardıcıl hücumlar edilir. Onlar bizi qoruyur, biz də bir vətəndaş olaraq öz borcumuzu yerinə yetirməliyik".

Digər şəhər sakinləri də Mingəçevirdə ötən illərə nisbətən şəhərdə sabitlik, əmin-amanlıq hökm sürdüyünü bildirdilər. İstər şəhər əhalisi, istərsə də rayondan gələn sakinlər Mingəçevir şəhər polis şöbəsinin rəisi, polkovnik Cavid Muradovun şəhərdə yaratdığı əmin-amanlıqdan razı qaldıqlarını bildirdilər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top