
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ona Vaşinqton istəməsə, İsrailin öz təşəbbüsü ilə İrana hücum etməyəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İsrail mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Netanyahu Trampla söhbəti zamanı İranın İsrailə hücumu halında İsrailin cavab tədbirləri görmək hüququnu özündə saxladığını qeyd edib.
Baş nazir həmçinin Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşməyə davam edəcəyini bildirib. Netanyahu həmçinin, ABŞ Prezidentinə İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərara dəstək verdiyini ifadə edib.
Qeyd edək ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İran ərazisinə bir neçə hücum təşkil edib. ABŞ hücumu Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq həyata keçirdiyini qeyd edib. Elə həmin gün Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə hücum edib. 24 iyulda hər iki tərəf hücumlarını dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz