Sevilya hava limanında tərk edilmiş təyyarə 10 avroya hərraca çıxarıldı


2018-ci ildən bəri İspaniyanın Sevilya hava limanında tərk edilən ikimühərrikli “Piper PA-23 Apache” təyyarəsi cəmi 10 avro başlanğıc qiyməti ilə hərraca çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat İspaniya Rəsmi Qəzetində dərc olunmuş elanda öz əksini tapıb.
Elan İspaniya Hava Limanları və Hava Naviqasiya İdarəsi (Aena) tərəfindən yerləşdirilib.
İddiaçılardan isə cəmi 0,50 avro depozit tələb olunub.
Təyyarə uçuşa yararsız olsa da, təkliflər gözlənildiyindən də çox olub.
Hüquqi prosedurlara uyğun olaraq, rəsmi orqanlar uzun müddət təyyarənin əsl sahibi ilə əlaqə saxlamağa və potensial hüquqi varisi müəyyən etməyə çalışıblar. Bununla bağlı ayrı-ayrı vaxtlarda İspaniya Rəsmi Qəzetində üç dəfə rəsmi elan dərc edilib. Lakin bütün bu cəhdlərə baxmayaraq, heç bir hüquqi varisi müəyyən etmək mümkün olmayıb və təyyarə qanuni olaraq “tərk edilmiş” elan edilərək, hərrac siyahısına daxil edilib.
Məlumata görə, istənilən maraqlı şəxs, şirkət və ya qrup hərrac şərtlərində göstərilən prosedurlara uyğun olaraq təklif təqdim edə biləcək. Aena nümayəndələri elandan sonra çoxlu sayda elektron poçt aldıqlarını və marağın çox yüksək olduğunu qeyd ediblər. Tender prosesi başa çatdıqdan sonra təkliflərin açılma tarixi Sevilya Hava Limanı İdarəsi tərəfindən elan ediləcək.
“Piper PA-23 Apache” 1950-ci illərdə Amerikanın “Piper Aircraft Corporation” təyyarə şirkəti tərəfindən istehsal edilən ilk iki mühərrikli, tamamilə metaldan hazırlanan, dörd oturacaqlı təyyarədir.
Lakin Aena simvolik olaraq 10 avroluq başlanğıc qiymətə aldanmamaq barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları təyyarənin illərdir baxımsızlıq ucbatından çox pis vəziyyətdə olduğunu və onun səmaya qayıtmasının mümkün olmadığını bildirirlər.
Buna baxmayaraq, təyyarə uça bilmədiyi üçün onun daha çox kolleksiya dəyərinin yüksək olduğu bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top