"Dəyanət bəy, psixoloqun psixoloqa ehtiyacı var?"

Psixoloq Dəyanət Rzayevin intiharı cəmiyyətdə şok effekti yaradıb. Kimliyindən asılı olmayaraq, bir insanın intiharı hər kəsi kədərləndirir və təəssüf doğurur. Lakin D. Rzayevin canına qəsd etməsi demək olar ki, əksəriyyət tərəfindən ciddi müzakirələrə səbəb olub. Yeniavaz.com saytı bir çox tanınmışlar tərəfindən bununla bağlı paylaşılan fikirləri təqdim edir.

Cavid İmamoğlu (sosioloq): "Bir dənə normal xəbər başlığı tapmıram ki, psixoterapevt Dəyanət Rzayevin ölüm xəbərini paylaşım. Depressiya, ümidsizlik, intihar, çarəzislik, daha nələr yoxdur ki, bu xəbər başlıqlarında? Əzizim, sən bu gün internet qəzetinə 2-3 əlavə baxış sayı artırmaq istəyirsən deyə, bu milləti bu atmosferə salmalısan?! Siz təsəvvür etmirsiniz ki, bu cür intihar xəbərlərin təsiri altında neçə naümid insan "cəsarət"ləndi. Olmaz belə şeylər. Ölkədə intihar ab-havası yaratmayın. Xüsusilə avropadan idarə olunan xəbər saytları (ki adlarını çəkməyə lüzum bilmirəm) son həftədir sırf bu mövzuda aktivlik edirlər. Ayıbdır vallah, alovun üzərinə qətran tökmək kimi bir şeydir sizin elədiyiniz. Onsuzda bu ölkədə intihar etmək riski altında olan insanlar üçün nə bir "qaynar xətt", nə pulsuz xidmət var. Niyə camaatı risk qrupuna daxil edirsiniz?! Tutalım ki, intihar ölkədə işıq sürəti ilə artdı? Nə qazanacaqsız".

Vüsalə Mahirqızı (APA holdinqin baş direktoru): "Bəzən ən güclü adamlar belə yorula, usana, bezə bilir. Ən güclü adam belə yanında zəif ola biləcəyi bir kimsə istəyir həyatında. Cəmi bircə nəfər. Onun yanında zəif ola bilsin. O bir kimsə olmayanda həyat çəkilməz, nəticə də ağır olur. Bunun peşəyə, işə, vəzifəyə, pula heç bir dəxli yoxdu".

Qənirə Paşayeva (millət vəkili): "Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım, sonra baxdım ki, bir çox agentliklər yaydı. Nə deyəcəyimi bilmirəm... Amma onu bilirəm ki intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır. Bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq nə etməliyik mövzusunda maarifləndirici verlişlər artmalıdır. Təssüf ki bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə, sadəcə sosial problemlər deyil, getdikcə artan laqeyidlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və s. kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə çox axtardım, amma heç nə tapa bilmədim. Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı, bir vətəndaş olaraq hər birimiz nələr etməliyik bu məsələ ətrafında da geniş müzakirələrə ehtiyac var. İntihara hətta cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın, bir psixoloqun əl atması ciddi bir mesajdır. Bu mövzu ciddi diqqətdə olmalıdır. İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. "Nəyimə lazımdır", "mənə nə" kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin "facebook" dostluğunda olmuş bir xanım yazır ki, son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur bilmirəm, amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və s. kimi məlumatlar verməsindən görünür ki, onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki, belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbr diləyirəm".

Fazil Mustafa (millət vəkili): "Tanınmış psixoloq da intihar edib. İntiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var. Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun".

Ərşad Hüseynov (nəqliyyat eksperti): "Hərdən mənə elə gəlir ki, ölkəmizdə intihar edərək həyatla vidalaşanların sayı yol-nəqliyyat hadisələrində ölənlərin sayına yaxındır. Hətta nəzərə almaq lazımdır ki, öz avtomobili ilə intihar etmək də olur (belə halları müfəssəl araşdıran bəzi ölkələrin rəsmi nəticələrinə görə, ölümlə nəticələnən avtoqəzaların 10%-i sürücünün intiharıdır). İntiharların bu qədər çox olmasının əsas səbəblərindən biri həmin səbəblərinin araşdırılmamsı, səbəblərə uyğun tədbir görülməməsidir. Bizdə intiharla mübarizə "intiharı heç bir din bəyənmir" şüarından o yana keçməyib.

Mehriban Zeynalova (QHT sədri): "Dəyanətin intiharı... Bu nə maddi, nə psixi məsələdir. İllərlə çörək verdikləri, öyrətdikləri, o cümlədən dəstək verdiklərinin şərəfsizliyi və alçaqlığına etiraz idi. O bu şərəfsizlik və alçaqlığın hörmüçək toruna çevrildiyini yaxşı görürür, özünün də o tora salınmaması, onlardan biri olmaması üçün intihar etdi".

Azər Allahverdiyev (jurnalist): "Dostum psixoloq Dəyanət Rzayevin özünə qəsd etməsi haqqında səhərçağı xəbərim oldu. Adətən, insan xəstələnəndə həkimə gedir, həkim xəstələnəndə həkimə getmir, özüm həkiməm, ancaq həkimin də həkimi var. Mən Dəyanət Rzayevlə artıq 3 ilə yaxın idi ki, dosluq edirdim, onu tanıdığım gündən səmimiyyətimiz yaranmışdı. Onunla hər Bakıya yolum düşəndə işlədiyi ofisə gedib, səmimi söhbət edib, çay içərdik. Hər görüşümüzdə ona sual verərdim: Dəyanət bəy, psixoloqun psixoloqa ehtiyacı var? Cavab verərdi: "Əlbəttə, psixoloqun psixoloqa ehtiyacı var, hətta digər insanlardan çox ehtiyacı var. Axı niyə müraciət etmədin psixoloqa, Dəyanət bəy? Siz, xalqını, millətini sevən insan idiniz, bu gün tanınmış psixoloq həyat çətinliklərinə uduzursa, adi insanlardan nə gözləmək olar? Bizim cəmiyyət korlanıb, yoxsa insanlar acizləşib? Təəssüflənirəm ona görə ki, sizin 2 azyaşlı övladınız gözü yaşlı qaldı"...

DİGƏR XƏBƏRLƏR

Top