
Bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə (otel) keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1 milyon 807,9 min olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 1 milyon 69,8 min olub ki, bu da ümumi gecələmələrin 59,2 faizini təşkil edib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 2,1 faizi Qəbələdə, 1 faizi Qubada, 3,8 faizi isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Azərbaycan vətəndaşlarının otellərdə keçirdiyi gecələmələrinin sayı 738,1 min olub ki, bu da ümumi gecələmələrin 40,8 faizini təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında otellərin gəlirləri 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,8 faiz azalaraq 279 milyon manat olub ki, onun da 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub (2025-ci ilin yanvar-iyun aylarında 21,4 faiz). Bu göstərici Naftalanda 41,7 faiz, Şabranda 34,1 faiz, Neftçalada 30,8 faiz, Sabirabadda 29,6 faiz, Bakıda 29,4 faiz, Qusarda 26,7 faiz, Bərdədə 19,2 faiz, Lənkəranda 18,7 faiz, Salyanda 18,5 faiz, Beyləqanda 18,4 faiz, Laçında 17,6 faiz, Şamaxıda 17,0 faiz, Qəbələdə 15,8 faiz, digər şəhər və rayonlarda isə 15 faizdən aşağı olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz