Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan intihar hallarının sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova bildirib ki, 2016-cı il Azərbaycanda 327 intihar-tamamlanmış suisid hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, intiharlarla yanaşı, tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfər təşkil edib.

Mərkəzin rəsmisi qeyd edib ki, Azərbaycanda intiharların sayı kritik vəziyyətdən aşağıdır: “Bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsidir. Azərbaycanda isə hər 100 min nəfərdən 5 nəfərdə bu hal qeydə alınır. 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. 2015-ci ildə 515 intihar faktı olmuşdusa, 2016-cı ildə bu rəqəm 327 olub”.

K. Talıbova qeyd edib ki, intiharlar tək Azərbaycanda deyil, bütün dünyada əsas problemlərdən biridir. İntiharların səbəblərini açıqlayan şöbə müdiri qeyd edib ki, bura bioloji, psixoloji, sosial faktorlar və genetik meyarlar daxildir: “Sosial faktorlar arasında işsizlik, ailə vəziyyətini misal çəkmək olar. İntiharlarda genetik amillər də rol oynayır. İntihar halları kişilərdə qadınlara nisbətən (1/2) daha çox rast gəlinir. 25-50 yaş insanlar daha çox intihara cəhd edir. İntihar hallarının baş verməsində cəmiyyətdə, mətbuatda məlumatların düzgün yayımlanması və necə təqdim olunması vacib məsələdir”.

DİGƏR XƏBƏRLƏR

Top