
Bu ilin ilk yarısında Ermənistanın 1000 ən böyük vergi ödəyicisi dövlət büdcəsinə ümumilikdə 1 trilyon 111 milyard dram (2,9 milyard dollar) həcmində vergi və rüsum ödəyib.
Yeniavaz.com Ermənistan Dövlət Gəlirləri Komitəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 125 milyard dram (326 milyon dollar) və ya 12,7% artıb.
Siyahıya bu dəfə Zəngəzur Mis və Molibden Zavodu (ZCMC) başçılıq edib. Şirkət ilin ilk altı ayında dövlət büdcəsinə 41,7 milyard dram (109 milyon dollar) vergi ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. ZCMC Ermənistanın ən iri mis və molibden yataqlarından biri olan Kacaran mədənini istismar edir.
İkinci yerdə son üç ildə ardıcıl olaraq lider olan “Mobile Center Art” qərarlaşıb. Telefon və kompüterlərin idxalı, satışı və təkrar ixracı ilə məşğul olan şirkət bu ilin ilk yarısında 38,2 milyard dram (100 milyon dollar) vergi ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Üçüncü pillədə “Ardshinbank” yer alıb. Bankın ödədiyi vergi 33,6 milyard dram (88 milyon dollar) olub ki, bu da illik müqayisədə 20% artım deməkdir.
Dördüncü yerdə “Gazprom Armenia” qərarlaşıb. Şirkət büdcəyə 31,5 milyard dram (82 milyon dollar) ödəyib və vergi ödənişləri ötən illə müqayisədə 12% artıb.
İlk beşliyi tütün istehsalçısı “Grand Tobacco” tamamlayır. Şirkətin ödədiyi vergi 28,9 milyard dram (75 milyon dollar) təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.
İlk onluqda həmçinin “Ameriabank” (22,2 milyard dram – 58 milyon dollar), oyun proqram təminatı hazırlayan “Digitain” (17,9 milyard dram – 47 milyon dollar), “Soft Construct” (Vbet) (17,5 milyard dram – 46 milyon dollar), Qafan Mədən və Emal Zavodu (15,7 milyard dram – 41 milyon dollar) və “Imbam” şirkəti (13,9 milyard dram – 36 milyon dollar) yer alıb.
Məlumat üçün bildirək ki, son günlər Ukrayna tərəfindən hücumlara məruz qalan Rusiyanın iri elektron ticarət platforması “Wildberries” Ermənistandakı fəaliyyətini əsasən “Imbam” şirkəti vasitəsilə həyata keçirməyə başlayıb. Bununla yanaşı, Ermənistanda qeydiyyatdan keçmiş “Wildberries Ermənistan” şirkəti də fəaliyyət göstərir və bu ilin ilk yarısında 0,8 milyard dram (2,1 milyon dollar) vergi ödəyib. Hər iki şirkətin ümumi vergi ödənişləri ötən ilin ilk yarısındakı 13,3 milyard dramdan (34,7 milyon dollar) bu ilin eyni dövründə 14,8 milyard drama (38,6 milyon dollar) yüksəlib.
Onu da qeyd edək ki, təkcə “Wildberries” deyil, siyahıda yer alan bəzi şirkətlərin də Rusiya ilə birbaşa və ya dolayı əlaqələri var. “Gazprom Armenia” Rusiyanın dövlət nəzarətində olan “Gazprom” qrupunun Ermənistan üzrə törəmə şirkətidir və tamamilə Rusiya kapitalına məxsusdur.
Zəngəzur Mis və Molibden Zavodu (ZCMC) şirkətinin nəzarət paketi hazırda Ermənistan hökuməti və digər səhmdarlar arasında bölüşdürülsə də, yaxın keçmişdə səhmlərinin əhəmiyyətli hissəsi Rusiya kapitallı biznes strukturlarının nəzarətində olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz