Ukraynanın keçmiş prezidenti Rusiyada başqa ad altında yaşayır?


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Soçidə başqa ad altında yaşayır.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Toronto Televiziyasının araşdırmasında öz əksini tapıb.
Məlumata görə, Yanukoviç vətəndaş nikahında olduğu Lyubov Polejay ilə birlikdə Soçidəki malikanədə məskunlaşıb.
Çox güman ki, o, burada Oleq Nikolayeviç Leonovun adına sənədlərdən istifadə edir. Ehtimal ki, Yanukoviç Polejayla Abxaziyaya səfəri zamanı da məhz bu soyaddan istifadə edib.
Digər tərəfdən, Rusiya məlumat bazalarında Leonovun doğum tarixinin Yanukoviçin doğum tarixi ilə eyni olduğu məlum olub. Həmçinin, “qaçqın siyasətçi”nin anasının qızlıq soyadı da Leonova olub.
Jurnalistlər bu şəxs haqqında başqa heç bir məlumat tapa bilməyiblər.
Araşdırmaya görə, Rusiyada olduqları illər ərzində Yanukoviçin qohumları yüzlərlə hektar torpaq sahəsi, onlarla əmlak əldə edib və bank hesablarına milyonlarla dollar yatırıblar.
Həmçinin, keçmiş prezidentin oğlu Aleksandrın həyat yoldaşı və iki oğlu ilə birlikdə Sokolov soyadı altında yaşadığı, Lyubov Polejayın isə soyadını Sadıkova olaraq dəyişdirdiyi bildirlir.
Belə ki, Sadıkovanın sosial media hesablarından götürülmüş şəkillər Soçidəki Yesaulenko küçəsindəki “Qreys” malikanəsinin şəkilləri ilə üst-üstə düşür. Malikanə təxminən üç hektar ərazini əhatə edir və bir neçə ev, istixana, bağ, ibadətgah və süni göldən ibarətdir. Yaxınlıqda Sadıkovanın böyük bir torpaq sahəsi və tərk edilmiş pansionatı da var.
Araşdırmaya görə, Yanukoviç və ailəsini Ukrayna Dövlət Qvardiyasının keçmiş əməkdaşları qoruyur. Onlar ölkədən qaçdıqdan sonra Rusiya Federal Mühafizə Xidmətinə keçiblər və öz ölkələrində axtarışdadırlar.
2015-ci ildən 2025-ci ilə qədər Sadıkova rəsmi olaraq ayda təxminən 50 000 rubl maaşla kənd təsərrüfatı kompleksinin meneceri kimi qeydiyyata alınıb. Lakin araşdırma müəllifləri bunun real olmadığını ehtimal edirlər.
Bu müddət ərzində o, 337 hektar kənd təsərrüfatı torpağı əldə edib və daha sonra həmin torpaqları eyni kənd təsərrüfatı kompleksinə icarəyə verərək, dörd il ərzində 50 milyon rubldan çox qazanc əldə edib. O, həmçinin daşınmaz əmlak satışından təxminən 14 milyon rubl qazanıb.
Araşdırmaya görə, Rusiyada olduğu müddətdə o, ümumilikdə 370 hektardan çox torpaq sahəsinin və 2400 kvadratmetrdən çox daşınmaz əmlakın, o cümlədən beş mənzilin, beş evin və dörd başqa əmlakın sahibi olub.
Yanukoviçin gəlini isə Moskva yaxınlığındakı elit “Benilüks” qəsəbəsindəki mülk də daxil olmaqla, 27 000 kvadrat metrdən çox daşınmaz əmlak əldə edib. 2024-cü ildə onun təxminən 3,5 milyon dollarlıq depoziti, oğlu Viktorun isə təxminən 5 milyon dolları olub.
Qeyd edək ki, 76 yaşlı Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub.

DİGƏR XƏBƏRLƏR

Top