
Fələstinin HƏMAS hərəkatı “Sülh Şurası” tərəfindən təqdim edilən Qəzza sülh planının əvvəllər müzakirə edilən iki bəndini həyata keçirməyə hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, HƏMAS-ın Qəzzadakı rəhbərliyi hərəkatın xarici rəhbərliyinə sülh planının tərksilahla bağlı iki bəndi ilə razılaşdığını bildirib.
Bu bəndlər Fələstin anklavı üçün sülh planının 5 və 8-ci bəndləridir.
5-ci bənddə HƏMAS-ın hərbiləşdirilmiş qüvvələrinin Zolaqdakı mülki administrasiyadan, həmçinin, mülki administrasiyadakı şəxsi heyətdən ayrılması nəzərdə tutulur.
8-ci bənddə isə HƏMAS-ın hərbiləşdirilmiş qüvvələrinin tərksilah edilməsinin tədricən və beynəlxalq nəzarət altında aparılmalı olduğu, hərəkatın tərəfdarlarının əlində olan silahların İsrail tərəfinə deyil, Sülh Şurasının himayəsi altında və onunla əlaqələndirilmiş şəkildə fəaliyyət göstərən yeni Fələstin strukturlarına ötürülməli olduğu qeyd olunur.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Vaşinqton digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası İsrail və HƏMAS hərəkatı arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb. Lakin onun digər bölgələrdəki münaqişələrin qarşısını almaq və həll etmək üçün də fəaliyyət göstərəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz