
Bazar günü axşam Vaşinqton ştatının Sietl şəhərində keçirilən qida festivalı zamanı atışma baş verib.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 27 iyul 02:00) “Seattle Center”də keçirilən “Bite of Seattle” festivalında baş verib.
Qida festivalı zamanı baş verən atışma nəticəsində iki nəfər həlak olub, beş nəfər isə xəsarət alıb. Bu barədə məlumatı şəhərin yanğınsöndürmə idarəsinin sözçüsü açıqlayıb.
Axşam saatlarında daxil olan ilkin məlumatlardan sonra əraziyə çoxlu sayda polis və tibb briqadası göndərilib. Briqadalar tədbir iştirakçılarını tez bir zamanda təxliyə edərək təhlükəsiz zonalara yönləndiriblər.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi həftəsonu şəhərin ən böyük pulsuz festivalının 42-ci buraxılışına ev sahibliyi edir.
Festivalın rəsmi veb-saytında qeyd olunur ki, tədbir 1982-ci ildən keçirilməyə başlanıb. Bildirilir ki, hər il təkrarlanan bu festivalda 3 gün ərzində təxminən 350 min iştirakçıya müxtəlif kulinariya məhsulları təklif edilir.
Tətbiqimizi yükləyə bilərsiniz