
Almaniyada 19-cu əsrə aid zavod 1 avroya satılır.
Yeniavaz.com “Bild” qəzetinə istinadla xəbər verir ki, hakimiyyət orqanlarının hərraca çıxardığı nəhəng zavod Maqdeburqun şimalında, Saksoniya-Anhalt əyalətində Tanqerhütte şəhərində yerləşir.
1842-ci ildə burada dəmir filizi yataqları kəşf edilib və daha sonra sözügedən bu zavod yaradılıb.
Qısa müddət ərzində adi kənd təsərrüfatı şəhəri qlobal sənaye mərkəzinə çevrilib.
Tanqerhüttenin 1500-dən çox sakini XIX əsrin sonlarında Almaniyanın iqtisadi bumu dövründə böyük tələbat olan məhsullar istehsal edib. Bunlar daha çox küçə lampaları, spiral pilləkənlər və vannalar olub.
Məhsullar həmçinin Yaponiya, Misir və Argentina kimi ölkələrə də ixrac olunub.
Zavod tezliklə dünya miqyasında şöhrət qazanıb. Lakin Almaniya Demokratik Respublikasının (ADR) süqutundan sonra bu sənaye əfsanəsi tərk edilmiş bir xarabalığa çevrilib.
İndi şəhər hakimiyyəti ondan xilas olmaq istəyir. Buna görə də, minimum təklif cəmi 1 avrodur.
Ərizələr 30 sentyabr tarixinə qədər təqdim edilməlidir.
Həmçinin, zavodun yeni sahibi burada xeyli iş görməlidir. Şərtlərə əsasən, alıcı memarlıq abidəsi kimi qeydiyyata alınmış fasadları möhkəmləndirməli və onların uzunmüddətli mühafizəsini təmin etmək üçün təcili tədbirlər görməyi öhdəsinə götürməlidir.


Tətbiqimizi yükləyə bilərsiniz