Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? − Video


Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindən Bayıl və 20-ci Sahə istiqamətinə gedən yolun uzun müddətdir bağlı saxlanılması sakinlərin narazılığına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Baku TV”nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yolun bağlanması gündəlik gediş-gəlişi çətinləşdirib, sürücüləri daha uzun məsafə qət etməyə məcbur edib.
Bu səbəbdən alternativ yollarda xüsusilə pik saatlarda müntəzəm tıxaclar yaranır.
Sözügedən yol bir neçə il əvvəl ərazidə baş verən torpaq sürüşməsinə görə bağlanmışdı. Sonradan mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülmüş və avtomobillərin hərəkəti bərpa edilmişdi.

Lakin bu ilin əvvəlində yağan intensiv yağışlardan sonra torpaq qatında yenidən hərəkətlilik müşahidə olunub. Təhlükəsizlik məqsədilə yol beton maneələrlə bağlanıb və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Hazırda hər iki istiqamətdən gələn avtomobillər maneələrə qədər hərəkət edə bilir.
Sürücülər avtomobillərini burada saxlayaraq yollarına piyada davam etməli olurlar. Bəzi sürücülər isə səkidən və yol kənarından istifadə etməklə maneəni keçməyə çalışırlar. Sakinlər bildirirlər ki, yol uzun müddətdir bağlı olsa da, ərazidə hər hansı aktiv iş aparılmır. Onları narahat edən əsas məsələ təhlükənin nə vaxt aradan qaldırılacağı və yolun nə zaman istifadəyə veriləcəyidir.

DİGƏR XƏBƏRLƏR

Top