Kimə və niyə yaxşılıq edirik?


Hər əməlin arxasında bir niyyət dayanır. Buna görə də, insan kimə və niyə yaxşılıq etdiyini yaxşı bilməlidir.

Əslində, yaxşılıq da, pislik də müəyyən mənada insanın xarakteridir. Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:
“Soruşurlar:
- Əgər siz birinə yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə, nə edərsiniz?
İmam cavab verir:
- Əlbəttə, yaxşılıq edərəm.
- Əgər o yenə pisliklə cavab versə?
- Yenə yaxşılıq edərəm.
- Bu necə olur ki, siz onun hər pisliyinə yaxşılıqla cavab verirsiniz?
Həzrət Əli suala sualla cavab verir:
- Bəs, bu necə olur ki, mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm, o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”
Göründüyü kimi, burada yaxşılıq və pislik keyfiyyət kimi yox, xarakter kimi qarşımıza çıxır. Bir də unutmayaq ki, insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünsə, hər əməli üçün ürəyində Ona hesabat versə, heç bir yaxşılığı itməz.
El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”. Əslində, insanın niyyəti də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa, mükafatını da ona görə alır. Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə, daha doğrusu, hər yaxşılığı verilmiş bir borc kimi qəbul edirsənsə, əlbəttə, aldığın əvəz ürəyincə olmayacaq. Məsələni bir qədər də açıqlasaq, deyə bilərik ki, Allah dünyanı istəyənlərə dünyanı, axirəti istəyənlərə axirəti verir. Və hər kəs öz niyyətinin əvəzini alır.
Bu yerdə onu da xatırladaq ki, yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir. Peyğəmbərimiz (s.ə.s.) bildirir ki, Allah, etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz, onunla danışmaz. Ancaq bir məsələ də var ki, bəzən səbrimiz daralır, bəzən kimdənsə umub-küsürük. Belə məqamlarda mümkün qədər özünü ələ almaq, sakitləşmək və kənara çəkilmək lazımdır. Çünki səbir hər şeyi öz yoluna qoyur.

Murad Məmmədov



 

DİGƏR XƏBƏRLƏR

Top