
Polis Berlinin mərkəzindəki Tirgarten ərazisində bir qrup insana avtomobillə hücumda şübhəli bilinən şəxsi müəyyən edib; onun islamçı mühitlə əlaqələri var.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA xəbər agentliyi hüquq-mühafizə orqanlarının əməkdaşına istinadən məlumat yayıb.
“Kişi əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və Berlinin islamçı mühitinin üzvü hesab olunur”, - polis sözçüsü Florian Nat bildirib.
Cinayətkarın axtarışı davam edir.
“Bild” qəzetinin məlumatına görə, şübhəlinin 21 yaşlı Əbdül B. olduğu güman edilir:
“Bu adamla bağlı ilkin olaraq güclü şübhələr var. Biz onu axtarırıq, amma hələ ki, onu tuta bilməmişik”.
O əlavə edib ki, istintaqın maraqlarına görə əlavə məlumat vermək hazırda mümkün deyil. Polis sözçüsünün sözlərinə görə, şəhərdə bu cinayətlə bağlı bir neçə əməliyyat tədbiri, o cümlədən Şöneberq rayonundakı bir mənzildə axtarış aparılır.
Xatırladaq ki, hadisə saat 22:00 radələrində Potsdamer Platz yaxınlığındakı Tirgarten park ərazisində baş verib. “Kiçik ağ mikroavtobus”un sürücüsü bir neçə nəfəri vurub, ağaca çırpılıb, sonra nəqliyyat vasitəsini tərk edərək naməlum istiqamətə qaçıb. Son məlumatlara görə, hadisə nəticəsində ən azı bir qadın ölüb, 16 nəfər yaralanıb.
Yaralanan 16 nəfərdən üçünün vəziyyəti kritikdir, daha səkkiz nəfər isə ağır xəsarət alıb.
Tətbiqimizi yükləyə bilərsiniz