
Evdə olduğunuz günlərdə ailənizə vaxt ayırırsınızmı? Uşaqlarınızın əllərindən tutub xanımınızla birlikdə gəzməyə çıxırsınızmı?
Müasir dövrdə müxtəlif problemlərlə üzləşir, çox vaxt bizi imtahana çəkən bu problemlərə qarşı dözümsüz oluruq. Anlayışı, səbri, günahı olsa da, olmasa da üzr istəməyi qarşı tərəfdən gözləyirik. Ata-analarımıza, həyat yoldaşlarımıza və uşaqlarımıza qarşı səbirsizlik göstəririk. Xoş rəftarlarımızla ailə üzvlərimizi sevindirmək əvəzinə, onları problemlərimizə ortaq edirik. Sonra isə ailəmizdə hökm sürən soyuq hava bizi narahat etməyə başlayır. Ancaq düşünmürük ki, günahkar bizik və bu problemi həll etmək üçün bir təbəssüm də kifayətdir.
Bizim vəzifəmiz ailə üzvlərimizin problemlərinin həllinə çalışmaq, boş vaxtlarımızı onlara həsr etməkdir. Əgər ailəmizə kifayət qədər vaxt ayırsaq, ailə təməlinin zəiflədiyi, boşanmaların artdığı cəmiyyətimizdə yuvamızı bütün iyrəncliklərdən qoruya bilərik. Çünki sizin qayğınıza ailənizin hamıdan çox ehtiyacı var.
Bəzən yuvamızda səmimiyyəti bərpa etməkdə və aramızdakı rəsmiyyəti qaldırmaqda çətinlik çəkirik. Hətta uşaqlarımız və ömür-gün yoldaşımızla sevincimizi bölüşməyi unuduruq.
Bəlkə də bu sözləri oxuyarkən “Mən belə deyiləm” deyəcəksiniz. Ancaq bir anlıq uşaqlarınıza və həyat yoldaşınıza sonuncu dəfə nə vaxt “Səni sevirəm” dediyinizi xatırlayın. Əgər bu müddət çox qısadırsa, onda siz ailənizi xoşbəxt etməyə qadirsiniz. Yox, əgər bu müddəti xoş bir xatirə kimi xatırlayırsınızsa, onları sevindirməyə çalışın. Yaxud da onların xoşlarına gələn bir iş görün.
Ata-ananız, həyat yoldaşınız, uşaqlarınızla sonuncu dəfə nə vaxt gəzintiyə çıxmısınız? Heç onlarla açıq havada süfrə qurub birgə yemək yemisinizmi? Ya da istirahət gününüzün hamısını ailənizə həsr edərək onlarla deyib gülmüsünüzmü?
Yəqin ki, aranızda bu vəzifənin öhdəsindən gələnlər də, bu vəzifəni yerinə yetirməkdə çətinlik çəkənlər də var. Ancaq hər halda ailənizin səadəti üçün üzərinizə düşən vəzifəni yerinə yetirməyə çalışın. Bu həftə istirahət gününüzü ailənizə həsr edin. Səhər yeməyini yedikdən sonra şəhərinizdəki tarixi bir məkanı ziyarət edin. Sonra günorta yeməyini münasib bir restoranda yeyin. Günortadan sonra onların istədiyi, ya da öz seçdiyiniz bir parka gedin. Uşaqlarınızla oynayın, deyin, gülün. Şirin söhbətlərinizlə ailənizin sizə məlum olmayan gözəlliklərini kəşf edin. Evinizə qayıdanda isə ailə üzvlərinizin hamısına kiçik bir hədiyyə alın. Bəlkə də, bu yazını oxuduqdan sonra belə bir günü ailənizə bəxş etməkdən qorxacaq, “Bu çox baha başa gələr”, - deyib yaxanızı kənara çəkməyə çalışacaqsınız. Ancaq unutmayın ki, bu xərc stressdən, gərginlikdən sıradan çıxan sağlamlığınıza sərf etdiyiniz pulun yarısı belə etməz.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz