“Qafqaz Universitetinin müəllimləri işlə təmin olunacaqlar“

“Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin hər bir tələbəsi ixtisasına uyğun olaraq digər universitetlərə köçürüləcək. Bu məsələdə heç bir problem olmayacaq”. Bunu universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə yaradılan işçi qrupunun sədri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O, hələlik tələbələrin dövlət universitetlərinə köçürülüb-köçürülməyəcəyini açıqlaya bilməyəcəyini qeyd edib: “Lakin narahat olmağa ehtiyac yoxdur, çünki bütün tələbələrin hamısı ali təhsil müəssisələrinə yerləşdiriləcək. Bu məsələnin üzərində hazırda işçi qrupu işləyir. Bildiyiniz kimi, orada çox sayda müxtəlif ixtisaslar üzrə tələbə təhsil alır. Ona görə də bunun üçün bizə vaxt lazımdır. Həftənin sonuna qədər bununla bağlı yekun qərar məlum olacaq”. İşçi qrupunun sədri eyni zamanda, “Qafqaz” Universitetində çalışan müəllimlərin aqibətinin necə olacağına da aydınlıq gətirib. Y.Piriyev deyib ki, müəllimlər də ixtisaslarına görə digər universitetlərdə işlə təmin olunacaqlar.

Xatırladaq ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov isə Təhsil.TV-yə açıqlamasında Təfəkkür Universitetinin tələbələrinin cari tədris ili bitdikdən sonra, “Qafqaz” Universitetinin tələbələrinin isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcəyini bildirib. O, həm də köçürülmədən sonra tələbələrin təhsil haqqında artımının olmayacağını bəyan edib.Report

DİGƏR XƏBƏRLƏR

Top