
Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova əməliyyat olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında paylaşım olunub.
O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 23 yaşlı qızı Elvira Novruzovaya donor olub:
“Yeni Klinikada beşinci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edən 23 yaşlı qadın xəstə uğurlu böyrək transplantasiyası əməliyyatı nəticəsində sağlamlığına qovuşub. Donor isə pasiyentin 45 yaşlı anası olub”.
Məlumata görə, əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra edilib:
“Donor üzərində laporoskopik (qapalı) üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda müalicələri həkim-nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərli, eləcə də transplantasiya üzrə koordinator İntizar Məmmədovanın nəzarəti altında davam etdirilir”.
Qeyd edilib ki, resipiyent Elvira Novruzova və donor Gülşən Novruzova Vətən müharibəsi şəhidi Elvin Novruzovun ailə üzvləridir. Elvin Novruzov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.



Tətbiqimizi yükləyə bilərsiniz