
(Həyat dərsi)
Ən son texnoloji kəşflərin nümayiş etdirildiyi robotlar sərgisində həmişəki kimi yenə də yüzlərlə tamaşaçı var idi. Onlar bu dəfə daha çox maneəli yollar üçün nəzərdə tutulmuş robotların yarışına tamaşa edirdilər. Bu robotların hər birinin bəlkə də on minlərlə dollar qiyməti var idi. Ancaq yenə də robotların bəziləri qarşılarına çıxan maneələrə ilişib yıxılır, bəziləri isə metal gövdələrindəki kompüterlərin köməyi ilə ayaq üstə qalmağı bacarırdılar.
Yarışın sonuna yaxın tamaşaçılar arasından balaca bir uşaq irəli çıxdı və robotlar üçün ayrılmış yarış zolağına daxil olaraq robotlar kimi aşa-aşa yeriməyə başladı. Balaca uşağın bu məzəli hərəkətləri bayaqdan başları cansız dəmirlərə qarışan tamaşaçıları güldürmək üçün kifayət etmişdi. Uşaq döşəmənin dörd bir tərəfinə düzülən maneələri bir-bir aşdı və sonra masasının üzərində “Münsiflər Heyəti” sözü yazılan adamlardan birinin yanına yaxınlaşaraq:
- Deyirlər ki, bu robotlar həm çox bacarıqlı, həm də çox qiymətlidirlər, doğrudur? - deyə soruşdu.
- Əlbəttə, - deyə adam cavab verdi, - Bunların heç birinin qiyməti yoxdur.
Uşaq təbəssüm edərək əlavə etdi:
- Ancaq onların çoxu yıxıldılar. Halbuki mən heç yıxılmadım...
Masanın arxasındakılar bu sözlərdən bir şey başa düşmədilər və üzlərini yenə robotlara çevirdilər.
Balaca uşaq oradan ayrılanda yenə də robotlar kimi yeriyirdi. Ancaq əvvəlkindən fərqli olaraq sevincindən yer-göyə sığmırdı. Doğulduğu gündən bəri şikəst idi, ancaq artıq bunun onun üçün o qədər də əhəmiyyəti yox idi...
Tətbiqimizi yükləyə bilərsiniz