
İspaniyali futbol ulduzu Mark Kukurelyanın uzun saçlarının sirri autizmli övladı ilə bağlı imiş.
Yeniavaz.com xəbər verir ki, o həyat yoldaşı Klaudiya Rodriqeslə birlikdə bu barədə “Amazon Prime”da yayımlanan “Married to the Game” sənədli serialda danışıblar.
Onlar bildiriblər ki, böyük oğulları Mateonun davranışlarında göstərdiyi fərqlilik gözlərindən yayınmayıb və zamanla onları qorxutmağa başlayıb. Aparılan müayinələrdən sonra ailəyə Mateonun autizm spektr pozuntusu olduğu bildirilib. Bu onlar üçün böyük sarsıntıya çevrilib.
Sənədli serialda qeyd olunur ki, Mateonun danışmaması ailə üçün ən böyük çətinliklərdən biri olub. Onun hisslərini, ehtiyaclarını və düşüncələrini anlamaq bəzən valideynləri çətin vəziyyətdə qoyub.

Vəziyyəti öyrəndikdən sonra Kukurelyanın əsas məqsədi oğlunun daxili dünyasını başa düşmək və onun rahat hiss etməsinə kömək etmək olub. O bildirib ki, oğlu üçün uyğun məktəb və terapiya imkanları olmayan bir şəhərə və ya komandaya keçməyi heç vaxt düşünməz:
“Mən həmişə deyirəm ki, ailə birinci yerdədir. Futbol vacibdir, amma ailə daha da vacibdir”.
Uzun müddət saçlarına görə tənqid olunan futbolçu bunun səbəbini Mateonun onu daha rahat tanıması və saçları ilə oynamağı sevməsi ilə izah edib.
Bildirilir ki, Kukurelya və Klaudiya oğullarının vəziyyətini gizlətmək əvəzinə, bu barədə açıq danışaraq, autizm haqqında məlumatlılığın artmasına töhfə verməyə çalışırlar.
Qeyd edək ki, cütlük yeniyetməlik illərindən birlikdədir. Onların Mateo (2019), Rio (2021) və Bella (2022) adlı üç övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz