ABŞ-də “Mercedes” satışları qadağan edilə bilər


ABŞ Senatının Ticarət Komitəsi Çinə məxsus avtomobil istehsalçılarına qarşı məhdudiyyətləri sərtləşdirməyi hədəfləyən qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, əgər qanun layihəsi qəbul edilərsə, bu, Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısına da təsir göstərə bilər.
Təklif olunan qaydalara əsasən, ABŞ bazarında fəaliyyət göstərməyə qoyulan qadağa Çin investorlarının səhmlərinin 15%-dən çoxuna sahib olduğu şirkətlərə də şamil edilə bilər.
Komitə sədri Ted Kruz bildirib ki, çinli sahibkarların “Mercedes-Benz”in səhmlərinin təxminən 20%-nə sahib olduğunu nəzərə alsaq, bu tərifə uyğun gəlir. Bununla belə, o, sənədin əlavə düzəliş tələb etdiyini qeyd edib.
Kruz həmçinin sənədin müəyyən müddəalarının öz brendlərinin mövqeyini gücləndirməkdə maraqlı olan “General Motors” tərəfindən dəstəkləndiyini bildirib. Lakin avtomobil istehsalçısı qeyd edib ki, bu, fərdi “oyunçularla” rəqabət aparmaqdan daha çox Amerika istehsalına və sənayenin qlobal rəqabət qabiliyyətinə dəstək verməkdən ibarətdir.
Təşəbbüsün həmmüəllifi, senator Berni Moreno avtomobil istehsalçılarına 2030-cu ilə qədər keçid dövrü veriləcəyini, həmçinin, xüsusi istisnaların təmin ediləcəyini bildirib.
“Mercedes-Benz” isə öz növbəsində ABŞ-dəki fəaliyyətinin əhəmiyyətli miqyasını qeyd edib və işçilərinin, tərəfdaşlarının və müştərilərinin maraqlarını qorumaqla yanaşı, qanuni tələblərə riayət etməyə hazır olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top