
Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) rəsmi saytında məlumat verib.
Xidmətin mütəxəssislərinin 14-21 iyul tarixlərində Rusiyaya süd məhsulları tədarük edən Ermənistan süd emalı zavodlarında yoxlama apardığı və nəticədə istehsalda yoluxmuş mal-qaranın südünün istifadə edildiyi müəyyən edilib.
“Aşkarlanmış pozuntuları nəzərə alaraq, Rosselxoznadzor Rusiyaya xüsusilə təhlükəli infeksiyaların gətirilməsinin və daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının qarşısını almaq üçün tədbirlər görüb”, - xidmətin rəsmi saytında qeyd edilib.
Bu tədbirlər çərçivəsində Rosselxoznadzor Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinə 27 iyul 2026-cı tarixindən etibarən Ermənistandakı bütün müəssisələrdən Rusiya alıcılarına süd məhsullarının baytarlıq sertifikatlaşdırılmasının dayandırılması ilə bağlı müraciət edib.
Məlumata görə, qadağalar 27 iyul 2026-cı il tarixdən qüvvəyə minəcək.
Qeyd edək ki, may ayından etibarən Rosselxoznadzor Ermənistan məhsullarının idxalına tədricən məhdudiyyətlər tətbiq edib. Qadağa ardıcıl olaraq gül, tərəvəz, giləmeyvə, meyvə, üzüm, kartof və quru meyvələri əhatə edib və 12 iyundan etibarən demək olar ki, bütün bitki mənşəli məhsullar (konservləşdirilmiş məhsullar istisna olmaqla) qadağan edilib. Bütün Ermənistan müəssisələrindən balıq məhsullarının idxalı da məhdudlaşdırılıb. Xidmət tədbirlərin səbəbi kimi fitosanitar tələblərin pozulmasını göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz