ABŞ 60 ölkəyə yeni tariflər tətbiq edəcək – “Reuters”


ABŞ 60 ticarət tərəfdaşına yeni tarif tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, tariflər 10%-dən 12,5%-ə qədər dəyişəcək. Məhdudlaşdırıcı tədbirlər Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla 60 ölkəyə tətbiq olunacaq. Tariflər 24 iyul Şərq vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 08:00) qüvvəyə minəcək. Beləliklə, onlar 24 fevralda 150 gün müddətinə qüvvəyə minən ABŞ idxalına tətbiq edilən müvəqqəti qlobal tarifləri əvəz edəcək. Hazırda tranzitdə olan mallar üçün tariflər 28 iyula qədər təxirə salınacaq.
“Reuters”in qeyd etdiyi kimi, tariflərdən azad edilən malların siyahısına neft, qaz, gübrələr, müəyyən qida məhsulları, eləcə də avtomobillər, polad, alüminium və mis daxil olmaqla, artıq ABŞ tariflərinə məruz qalan mallar daxildir.
Bundan əlavə, tariflər ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişi ilə əhatə olunan mallara şamil edilməyəcək. ABŞ tərəfindən məcburi əməyə qarşı mübarizə tədbirləri həyata keçirmiş hesab edilən ölkələrə tariflər 10%, digər ölkələrə tariflər isə 12,5% olacaq.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi ABŞ Prezidentinin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu çərçivəsində xarici ölkələrə idxal tarifləri tətbiq etməsinin həddindən artıq olduğuna qərara alıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən idxal edilən bütün mallara 10% tarif tətbiq edən sərəncam imzalayıb. Daha sonra o, bu tarifləri 15%-ə qaldırmaq niyyətində olduğunu bildirib. ABŞ idxalına tətbiq edilən qlobal 10% tariflər 24 fevralda qüvvəyə minib və 24 iyula qədər 150 gün müddətində qüvvədə qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top