
Almaniyanın idman və lüks avtomobil istehsalçısı “Porsche” şirkətinin rəhbəri Mihael Lyayters 2035-ci ilə qədər şirkətdə ümumilikdə 5000-6000 iş yerini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Eyni zamanda, bildirilib ki, məhsuldarlığın təxminən 15% artacağı gözlənilir. Bundan əlavə, şagird vəzifələrinin sayının yarıdan çox azaldılması planlaşdırılır. Nəşr vurğulayır ki, qalan işçilər də xərclərin azaldılması proqramından faydalanacaqlar. Xüsusi ödənişlər yalnız satış gəlirliliyi 4%-i keçdikdə həyata keçiriləcək. İllik təşviq bonusu 1500 avro ilə məhdudlaşdırılacaq. On üçüncü aylıq əmək haqqı da azaldılacaq.
Qeyd edilib ki, “Porsche” üçün bu cür kəskin tədbirlər zəruridir. Lyayters bütün səviyyələrdə işçilərin hərtərəfli ixtisarını həyata keçirmək, model modifikasiyalarının sayını azaltmaq və şirkəti uzunmüddətli gəlirliliyə qaytarmaq istəyir. Şirkət 2026-cı il üçün satışdan əməliyyat gəlirliliyinin yalnız 5,5%-7,5% olacağını proqnozlaşdırır. Qəzet qeyd edir ki, bu, şirkətin əvvəlki ambisiyalarından çox fərqlidir. Lakin, 2035-ci ilin sonuna qədər uzadılmış məşğulluq zəmanəti qrupun daxili strukturunu kökündən dəyişdirir.
Tətbiqimizi yükləyə bilərsiniz