
ABŞ-nin “Augmental” startapı damağa bərkidilən və istifadəçilərə cihazı dil hərəkətləri ilə idarə etməyə imkan verən “MouthPad” sensor panelini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə istehsalçı rəsmi saytında məlumat yayıb.
Məlumata görə, hər bir “MouthPad” istifadəçinin damağının qəlibindən istifadə edilməklə xüsusi olaraq hazırlanır.
Şirkət “MouthPad”ı ənənəvi kompüter siçanına alternativ kimi təqdim edir. Cihaz kursoru idarə etməyə, klikləmələri yerinə yetirməyə, həmçinin, dil və baş hərəkətlərindən istifadə edərək smartfonlar, planşetlər və kompüterlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.
Yeni cihaz məhdud hərəkətli insanlar üçün nəzərdə tutulub.
“Augmental” şirkətinin məlumatına görə, şirkət məhsulu gündəlik istifadə imkanlarına uyğunlaşdırmaq üçün müxtəlif fiziki məhdudiyyətli yüzlərlə istifadəçi ilə əməkdaşlıq edib.
Tərtibatçılar qeyd edirlər ki, “MouthPad” istifadəçilərə cihazlarla işləməyə, ünsiyyət qurmağa cə oyun oynamağa kömək edir.
Cihaz “macOS”, “Windows” və “Linux” əməliyyat sistemləri ilə işləyən kompüterlərlə, eləcə də “iOS" və “Android” mobil cihazları ilə uyğun gəlir.
“MouthPad” təxminən 10 qram ağırlığındadır. Daxili batareya yeddi saata qədər batareya ömrü təmin edir və tam doldurma təxminən bir saat yarım çəkir.
“MouthPad”ın əsas versiyası 1400 dollara (təxminən 2380 manat) başa gəlir. İki ədədlik dəst isə 1900 dollardır (təxminən 3230 manat).

Tətbiqimizi yükləyə bilərsiniz