Hitlerin doğulduğu ev polis bölməsi oldu


Nasist lider Adolf Hitlerin doğulub boya-başa çatdığı Avstriyanın Braunau am İnn şəhərindəki ev polis bölməsinə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.
Bildirilib ki, açılış mərasimi Avstriyanın daxili işlər naziri Qerhard Karnerin iştirakı ilə baş tutub.
Binanın tikilmə tarixi barədə dəqiq məlumat yoxdur. Birinci Dünya Müharibəsindən əvvəl birinci mərtəbədə mehmanxana, yuxarı mərtəbədə Hitlerin böyüdüyü mənzil yerləşib.
Birinci və İkinci Dünya Müharibələri arasında mehmanxananın sahibi onu “Fürerin Xatirə Otağı”na çevirib və 1938-ci ildə bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkiyyətinə çevrilib.
Üçüncü Reyxin süqutundan sonra bina əvvəlki sahiblərinə qaytarılıb. 1970-ci illərdə burada məktəb, daha sonra “Lebenshilfe”nin (Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Assosiasiyası) filialı yerləşib. 2011-ci ildən bəri bina boş qalıb, daha sonra 2016-cı ildə məhkəmə qərarı ilə Avstriyanın mülkiyyətinə keçib.
Binanın keçmişini xatırladan yeganə şey, Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində “Bir daha faşizm olmayacaq” yazısı olan səkidəki bir daşdır. Binanın ağ fasadında indi yalnız “Polis” sözü var.
Binanın polis bölməsi kimi istifadə edilməsi planı ilk vaxtlar ictimai müzakirələrə səbəb olub. Bəziləri orada Üçüncü Reyxin cinayətləri ilə bağlı sərginin açılmasını müdafiə ediblər, digərləri isə belə bir addımın binanı ifrat sağçı radikalların hədəfinə çevirə biləcəyini qeyd ediblər.
Qeyd edək ki, Hitler 1889-cu ildə Braunauda anadan olub. Ailəsi üç yaşında olanda o buradan köçüb.

DİGƏR XƏBƏRLƏR

Top