
Bir neçə gün əvvəl Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Azərbaycan əsilli Timur Tkaçenkoya yeni vəzifə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı daimi nümayəndəsi Taras Melniçuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabineti Timur Tkaçenkonun Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri təyin olunmasını təsdiq edib.
Qərar qüvvəyə minməsi üçün Ukrayna Prezidenti tərəfindən təsdiqlənməli və imzalanmalıdır.
Qeyd edək ki, iyulun 17-də Ukrayna Prezidenti Volodimir Zelenski Timur Tkaçenkonu Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. O, bu vəzifəni 2024-cü ildən tutub. Bundan əvvəl o, Kiyev meriyasında işləyib. 2023-cü ilin avqustunda Ukrayna Prezidentinin Fərmanı ilə o, Ukraynanın Strateji Sənaye Məsələləri nazirinin müavini, 2024-cü ilin sentyabrında isə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı nazirinin müavini vəzifələrinə təyin edilib.
Xatırladaq ki, əslən azərbaycanlı olan Teymur Tkaçenko 18 avqust 1989-cu ildə Kiyevdə anadan olub. O, Ukraynadakı Azərbaycan diasporunun fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi əslən Azərbaycanın Şəmkir şəhərindən olan mərhum Firudin Məmmədovun oğludur.
Tətbiqimizi yükləyə bilərsiniz