ABŞ Səudiyyədə uran zənginləşdirmə qurğusu tikəcək – Müqavilə bağlandı


ABŞ Səudiyyə Ərəbistanı ilə krallığın mülki nüvə enerjisi sektoru üzrə əməkdaşlıq müqaviləsi imzalayıb.
Yeniavaz.com
“The New York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sənəd iki ölkə arasında nüvə əməkdaşlığının inkişafını nəzərdə tutur və Ər-Riyadın nüvə reaktorları üçün yanacaq istehsalında iştirakını genişləndirməyə imkanı verir.
Sənədə əsasən, müqavilə iyulun 22-də ABŞ Energetika Naziri Kris Rayt və Səudiyyə Ərəbistanının Energetika Naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən imzalanıb. Bəyanatda müqavilənin nəzərdən keçirilməsi üçün ABŞ Konqresinə təqdim edildiyi bildirilir.
Sənəddə həmçinin bildirilir ki, müqavilə bir neçə onilliklər ərzində qüvvədə qalacaq və Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının nüvə enerjisinin inkişafı proqramında iştirak etmək üçün geniş imkanlar açacaq.
ABŞ energetika nazirinin sözlərinə görə, müqavilə nüvə təhlükəsizliyi və yayılmaması sahəsində ən yüksək standartlara cavab verir.
Vaşinqton ümid edir ki, bu razılaşma Krallıqla münasibətləri gücləndirəcək və Amerika nüvə sənayesinə iqtisadi fayda gətirəcək. Layihənin “Westinghouse” da daxil olmaqla Amerika şirkətləri üçün nüvə texnologiyalarının təchizatı və texniki xidməti üçün milyardlarla dollarlıq müqavilələr bağlaması gözlənilir.
Qeyd edək ki, “The Wall Street Journal” qəzeti əvvəllər mənbələrə istinadla xəbər vermişdi ki, yeni 30 illik müqavilə on milyardlarla dolların ayrılmasını nəzərdə tutur. Qəzetin məlumatına görə, müqavilənin əsas müddəası, tərəflər belə bir addımı haqlı hesab etdikləri təqdirdə, Səudiyyə Ərəbistanında uran zənginləşdirmə qurğusunun tikintisidir.

DİGƏR XƏBƏRLƏR

Top