Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi üzrə tariflərin artırılması barədə qərar qəbul edib. Məlumata görə, müvafiq qərarın olduğu məktub bütün banklara göndərilib. Məlumatda deyilir: "Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əsginasların verilməsi tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Bu qərar 2017-ci ilin fevral ayından qüvvəyə minəcək. Eyni zamanda gün ərzində bütün əsginaslara ikinci və daha sonrakı nağd pul verilişinin tarifləri 0,05 faizdən 0,1 faizədək artırılıb".
Yeniavaz.com xəbər verir ki, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov dəyişikliyi belə şərh edib: "Fevralın 1-dən Mərkəzi Bank banklara 50 və 100 manat dəyərində əskinaslar, habelə gün ərzində bütün əskinaslar üzrə ikinci və daha sonrakı nağd pul verilişinin tariflərini 0,05 faizdən 0,1 faizədək artırıb. Yəni əgər indi Mərkəzi Bank banka verdiyi hər 50 manatdan 2,5 qəpik, hər 100 manatdan isə 5 qəpik tuturdusa, bundan sonra müvafiq olaraq 5 və 10 qəpik tutacaq. Gün ərzində həmin bank Mərkəzi Bankdan yenə nağd pul istəsə, eyni xərac digər əskinaslara (1, 5 və 20 manat) görə də tutulacaq. Beləliklə, bank sisteminin xərcləri yenə artır. Mərkəzi Bank banklara nağd pulu daha baha verəcəksə, deməli, banklar da müştərilərindən nağd əməliyyatlar üzrə tutduğu komisyon haqqı artıracaq. Xatırladıram ki, indiyədək Mərkəzi Bank banklardan qazanırdı, banklar da əhalidən. Halbuki, Mərkəzi Bank haqqında Qanunun 4.3-cü maddəsinə əsasən, mənfəət götürmək onun əsas məqsədi deyil. Lakin məsələnin sosial-iqtisadi aspekti ilə yanaşı hüquqi tərəfi də çox əhəmiyyətlidir. Belə ki, Mərkəzi Bankın ümumiyyətlə belə tariflər müəyyən edib tutmağa səlahiyyəti yoxdur. Mərkəzi Bank haqqında Qanunun nə nağd pul tədavülünün təşkilinə (6-cı fəsil), nə İdarə Heyətinin səlahiyyətlərinə (4-cü fəsil) dair müddəalarında, nə də hər hansı digər hissəsində Mərkəzi Bankın verdiyi kreditlər üzrə faizdən başqa haqq tutmağa ixtiyarı yoxdur".