
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) və Senatının (parlamentin yuxarı palatası) üzvləri 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyiblər.
Yeniavaz.com xəbər verir ki, Milli Assambleyanın 279 üzvü qanun layihəsinin lehinə, 81 üzvü isə əleyhinə səs verib.
Senatda isə 243 üzv qanun layihəsini dəstəkləyib. Yalnız iki üzv qanun layihəsinin əleyhinə çıxıb.
Qanun layihəsi sosial şəbəkələrdən uşaqların istifadəsinin qarşısını almaq istifadəçilər üçün yaş təsdiqləmə mexanizmini tətbiq etməyi tələb edir. Bundan əlavə, qanun layihəsi sosial şəbəkələri 15 yaşdan kiçik istifadəçilərin hesablarını silməyə məcbur edir. Qanun layihəsində, həmçinin 15-18 yaş arası istifadəçilər üçün “rəqəmsal komendant saatı” tətbiq olunur və onların internetdə keçirdikləri vaxt məhdudlaşdırılır.
Qeyd edək ki, Milli Assambleya və Senat tərəfindən təsdiqləndikdən sonra qanunun Fransa Prezidenti tərəfindən imzalanması və 1 sentyabrda qüvvəyə minməsi gözlənilir.
Əvvəlcə yalnız 15 yaşdan kiçik şəxslər üçün yeni hesabların yaradılması qadağan ediləcək. Mövcud hesablar 1 yanvar 2027-ci il tarixinə qədər silinməlidir. Beləliklə, Fransa sosial şəbəkələr üçün yaş məhdudiyyəti tətbiq edən ilk Avropa ölkəsi olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz