
ABŞ ordusu İran ərazisinə növbəti zərbələr dalğasını həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, CENTCOM qüvvələri Şərq Sahil Vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə saat 03:00) İrandakı hərbi hədəflərə zərbələr endirməyə başlayıb. Hücumlar Şərq Sahil Vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 04:00) başa çatıb.
İrana qarşı zərbələr ardıcıl on birinci gecədir ki, həyata keçirilib
CENTCOM zərbələrin əsas məqsədinin İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini zəiflətmək olduğunu bildirib.
Məlumata hədəflər arasında İranın əməliyyat mərkəzləri, dəniz qüvvələri, təyyarə və dron anqarları, həmçinin, hərbi logistika infrastrukturları olub.
CENTCOM qüvvələri İrana qarşı son hücumlar dalğasında Bane, Qabudar Ahanq və Sirik şəhərlərinə hücum edib. Həmçinin, İranın Bəndər Mahşəhr, Behbahan, Təbriz, Çabaxar və Buşehr şəhərlərində də partlayışlar baş verib. Tələfat barədə məlumat verilməyib.
Digər tərəfdən, Təbriz şəhəri yaxınlığındakı hərbi obyekt də ABŞ qüvvələri tərəfindən hücuma məruz qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Küveytin Ali al-Salim aviabazasında və Bubiyan adasında radar sistemlərini, eləcə də, taktiki radar komplekslərini məhv etdiyini bildirib.
Həmçinin, İran ordusu Küveytdəki ABŞ hərbi düşərgəsinə dronlardan istifadə edərək hücum edib. Hücum ABŞ Mərkəzi Komandanlığının sursat və logistika anbarlarını hədəf alıb.
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına da dron zərbələri endirib. İordaniyadakı “Muvaffak Salti” aviabazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına, Bəhreyndəki “İsa” aviabazasında isə ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına dron zərbələri endirilib.
Hücumlar “Nasr-2” əməliyyatının 24-cü dalğası çərçivəsində baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz