
BMT-nin məlumatına görə, son beş ildə qlobal miqyasda sağlam qidalanmanın dəyəri 25% artaraq ifrat yoxsulluq həddini aşıb.
Yeniavaz.com xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero Kallen jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Nəticədə, planetdə 2,69 milyard insan və ya demək olar ki, hər üç nəfərdən biri hələ də sağlam qidalanmaya imkan tapa bilmir”, - Kallen deyib.
Onun sözlərinə görə, orqanizmin qidalanma ehtiyaclarını tam ödəyən sağlam qidalanmanın hazırkı dəyəri ölkələr arasında yaşayış xərcləri fərqləri nəzərə alınmaqla adambaşına orta hesabla gündə 4,28 dollar təşkil edir. Bu, mütləq yoxsulluğun ölçülməsi üçün beynəlxalq standart olan ifrat yoxsulluq həddindən (3 dollar, və ya 2,62 avro) yuxarıdır.
Xərclərin əsas hissəsi kifayət qədər kalori qəbul etməklə deyil, vitaminlərlə zəngin qidaların pəhrizə daxil edilməsi ilə bağlıdır:
“Kaloriya nisbətən ucuzdur, amma sağlam pəhriz ucuz deyil”.
İnsanların gündəlik istehlak etdiyi əsas qida məhsulları, məsələn, dənli bitkilər və kök tərəvəzlər, bədənin gündəlik kalori ehtiyacının əksəriyyətini təmin edir, lakin sağlam pəhrizin dəyərinin yalnız 13%-ni təşkil edir:
“Müqayisə üçün, meyvə və tərəvəzlər kalorinin yalnız 5%-ni, lakin dəyərinin 16%-ni təmin edir. Onlar isə dənli bitkilərdən xeyli bahadırlar. Heyvan məhsulları isə ümumi dəyərin təxminən 30%-ni təşkil edir”.
Buna görə də, onun sözlərinə görə, əsas çətinlik qida maddələri ilə zəngin qidaları daha əlverişli etməkdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, sağlam olmayan pəhrizlər qlobal xəstəliklərin, xüsusən də ürək-damar xəstəlikləri, diabet və xərçəng kimi yoluxucu olmayan xəstəliklərin əsas səbəblərindəndir.
Tətbiqimizi yükləyə bilərsiniz