
Kristofer Nolanın “Odissey” filmi dünya prokatındakı ilk həftəsonunda 264,1 milyon dollar qazanaraq, rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Belə ki, jurnalın məlumatına görə, film Nolanın filmləri arasında debütdə ən çox qazanc əldə edən film olub. Bununla da, “Odissey” filmi ilk həftəsonunda 249 milyon dollar gəlir əldə edən “Qara cəngavərin yüksəlişi” (2012) filmini geridə qoyub.
“Universal Studios” tərəfindən 73 ölkədə nümayiş olunan film ABŞ-də 124,5 milyon dollar, dünyada isə 139,6 milyon dollar gəlir əldə edib.
Film ən yüksək nəticəni ABŞ-dən sonra Böyük Britaniya (17,4 milyon dollar), Fransa (13,7 milyon dollar) və İtaliyada (11,5 milyon dollar) göstərib.
Nolanın “Odissey” filmi Homerin eyniadlı qədim yunan epik poemasının adaptasiyasıdır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına qayıtmağa çalışan İtaka kralı Odisseydən bəhs edir. Yolda o, bir çox sınaqlarla üzləşir.
Film tarixi epik, mifologiya və macəra dramının elementlərini özündə birləşdirir.
Filmdə Odissey obrazını Mett Deymon canlandırır. Rollarda həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nionqo, Zendaya, Himeş Patel, Şarliz Teron, Con Berntal, Benni Sefdi və Elliot Peyc də yer alır.
Qeyd edək ki, “Odissey” filminin istehsalı “Universal Studios” şirkətinə 250 milyon dollara başa gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz